“Xəzər Lənkəran” ilk transferini rəsmiləşdirdi
15.05.2012 - 23:01
“Xəzər Lənkəran” ilk transferini rəsmiləşdirdi
Premyer Liqada ikinci yeri tutmaqla Avropa Liqasına vəsiqə qazanan “Xəzər Lənkəran” ilk transferini reallaşdırıb. Bu barədə apasport.az saytına komandanın rəisi Səməd Mustafayev məlumat verib.

Hazırda Rumıniya paytaxtında olan Mustafayev əməkdaşımıza bildirib ki, Buxarest “Dinamo”sunun müdafiəçisi Manuel Skarlatakenin keçidi ilə bağlı danışıqlar müsbət yekunlaşıb.

“Artıq Skarlatakeni komandamızın üzvü saymaq olar. “Xəzər Lənkəran” və “Dinamo” klublarının razılığı ilə Manuel növbəti mövsümdə komandamızın formasını geyinəcək. Onunla 2 il müddətinə müqavilə bağladıq” – deyə, Mustafayev bildirib.

“Xəzər Lənkəran” rəsmisinin sözlərinə görə, müqavilə bağlanmasına baxmayaraq, Skarlatake hələlik “Dinamo”nun heyətinə oynayacaq: “Belə razılıq əldə olundu ki, Manuel komandasının Rumıniya çempionatının qalan 2 və kubokun final matçında iştirak edəcək. Amma bundan sonra bizim futbolçu sayılacaq. Çünki Manuelin bütün transfer hüquqları “Xəzər Lənkəran”a məxsusdur”.

Xatırladaq ki, Manuel Skarlatake ötən ilin qışında da “Xəzər Lənkəran”a gəlmişdi. O, yarım mövsüm cənub təmsilçisində oynadıqdan sonra “Dinamo”ya qayıtmışdı.