Rəşad Sadıqov: Bu, çox bezdiricidir
16.05.2012 - 09:00
Rəşad Sadıqov: Bu, çox bezdiricidir
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi

- Müayinənizin nəticəsi necə oldu?
- Minimum 3-4 həftə məşq etmək olmaz. Amma 3 həftə sonra qaça bilərəm. Komanda ilə birgə toplu çalışmalara isə ən azı 5 həftə sonra qoşula bilərəm.

- Deməli, millinin Yaponiya və Andorra yığmaları ilə səfərdəki yoldaşlıq görüşlərində oynamayacağınız dəqiqləşib.
- Bəli.

- Zədəniz konkret nədir?
- Topuq nahiyəsində 3-cü dərəcəli yırtıq var. Çox ciddi zədədir. Gələcəkdə yenidən problem yaratmamaq üçün yaxşı müalicə lazımdır.

- Oynamasanız belə, heç olmasa kapitan kimi millinin düşərgəsində ola biləcəksiniz?
- Təəssüf ki, yox. Çünki 3 həftə Türkiyədə müalicə olunmalıyam. Milliyə gələ bilməyəcəyimi AFFA-ya bildirmişəm.

- Həm də necə deyərlər, mövsümün yorğunluğunu çıxaracaqsınız...
- İstirahət etmək istəyirdim. Ancaq yenə bunu edə bilməyəcəyəm. Müalicə olunmalı, sonra yavaş-yavaş məşqlərə başlamalıyam. Qışda da belə olmuşdu. Onda istirahətimi əməliyyatla keçirdim, sonra bərpa prosesi keçdim. Bu proseslərin özü də yorucudur. Fikirləşdim ki, yayda yaxşı dincələrəm. Milli komandanın təlim-məşq toplanışından sonra istirahətə yollanmağı planlaşdırırdım. Ancaq yenə alınmadı, təzədən həkimlər, müalicələr...

- Bu, bezdirici deyil?
- Çox bezdiricidir. Ancaq neyləyək, işimiz belədir. Mən də bunları yenidən keçməyə məcburam.

- “Qarabağ” avrokuboklara düşə bilmədiyindən, heç olmasa, 1 ay yaxşı istirahət edə bilərdiniz...
- Tez müalicə olunum ki, 2-3 həftədən sonra düz-əməlli istirahət edə bilim.

- Yoxluğunuzda millinin qarşıdakı oyunlarında nə gözləyirsiniz?
- Yaxşı ki, zədələnməyim yoldaşlıq görüşlərinə düşdü. Allaha şükür, bütün oyunlarda iştirak edə bildim. Rəsmi oyunlara hazır olacağam. İnanıram ki, millimiz növbəti yoldaşlıq görüşlərində özünü yaxşı tərəfdən göstərəcək.

Mehman SÜLEYMANOV