Zeynal Məmmədov: Öncə yerli bazara üz tutacağıq - MÜSAHİBƏ
16.05.2012 - 14:23
Zeynal Məmmədov: Öncə yerli bazara üz tutacağıq - MÜSAHİBƏ
“Bakı” klubunun baş meneceri Zeynal Məmmədovun apasport.az saytına müsahibəsi


- Sabah ölkə kubokunun həlledici görüşü keçiriləcək. Komandanız oyuna necə hazırlaşır?
- Yaxşı. Bu, mövsümün son oyunudur və bizim üçün çox əhəmiyyətlidir. Komanda mövsümü uğursuz başa vurmamağı üçün kuboku mütləq qazanmalıdır. Mövsümün əvvəlində qarşıya müəyyən məqsədlər qoyulmuşdu: ya çempion olmalı, ya da kuboku qazanmalı idik. Çempion ola bilmədiyimizə görə, minimum tələbi yerinə yetirməliyik.

- Final oyunu olsa belə, “Bakı” avrokuboklara vəsiqəni təmin edib. Bu amil haradasa arxayınlaşma yarada bilər?
- Komanda oyuna tam köklənib. Çempionatı 6-cı pillədə başa vurduq. Bu, “Bakı”ya layiq yer deyil. Futbolçular kuboku qazanmaq üçün əllərindən gələni edəcəklər, başqa yolumuz yoxdur.

- Yəqin ki, futbolçuları həvəsləndirmək məqsədilə mükafat olacaq?
- Mütləq. Mükafat bütün komandalarda var.

- Heyətinizdə itkilər çoxdurmu?
- Zədəli futbolçularımız var. Bəziləri yaxşılaşıb. Onlar hardasa 70-80 faiz oynamağa hazırdırlar. Maris Verpakovskis, Elvin Əliyev oynamasalar belə, onlar da həvəslidirlər, üzərlərinə düşəni edirlər ki, komandamız meydanı kubokla tərk etsinlər.

- Transfer çalışmaları ilə bağlı işlər necə, davam etdirilirmi?
- Bu istiqamətdə iş gedir. Hələ 3-4 ay əvvəldən buna başlamışıq. Adlarını ölkə kubokundan sonra açıqlanacaq. Yəqin ki, mayın 18-də və 19-da, ən pis halda, gələn həftə kimlərlə yollarımızı ayırdığımızı açıqlayacağıq.

- Yeni transferlərin sayı çox olacaq?
- Köklü dəyişiklik etməyi düşünmürük. Az sayda transferlər edəcəyik. Yəni, axsayan mövqeləri gücləndirəcəyik.

- Əcnəbilər üstünlük təşkil edəcək?
- Öncə yerli bazara üz tutacağıq. Burda istədiyimizi tapmasaq, legionerlərə müraciət edəcəyik.

- Qışda heyətə cəlb etdiyiniz legionerlər özlərini heç də yaxşı göstərə bilmədilər. Onların çıxışı haqda nə deyə bilərsiz?
- Qışda gələn oyunçulara adaptasiya üçün zaman lazım idi. Onlar nəyə qadir olduqlarını Avropa Liqasında və gələn çempionatda göstərəcəklər.

- Onlardan kimisə göndərməyi düşünürsüz?
- Xeyr, onların hamısı qalacaq.