“Bakı” çempionu məğlub edib, üçüncü dəfə kuboka qovuşdu
17.05.2012 - 21:01
“Bakı” çempionu məğlub edib, üçüncü dəfə kuboka qovuşdu
Bu gün Azərbaycan kubokunun final oyunu keçirilib. Apasport.az saytının xəbərinə görə, “Dalğa Arena”da baş tutan görüşlə cari futbol mövsümünə yekun vurulub.

Həlledici matçda paytaxt təmsilçiləri - “Neftçi” və “Bakı” qarşılaşıb.

“Neftçi” finala Premyer Liqanın qalibi kimi, “zolaqlılar”sa 6-cı yerin sahibi kimi çıxıb.

Püşklə nominal meydan sahibi olan “ağ-qaralar” 8 illik fasilədən sonra mövsümü “qızıl dubl”la başa vurmağa çalışsa da, bu arzu onların gözündə qalıb.

Belə ki, “Bakı” ilk yarıda vurduğu 2 qolla matçın taleyini həll edib. Bununla, “zolaqlılar” tarixində üçüncü dəfə ölkə kubokunu başı üzərinə qaldırıblar.

Xatırladaq ki, “Bakı” 2005 və 2010-cu illərdə də kuboka sahib çıxmışdı.

Azərbaycan kuboku
Final


“NEFTÇİ” – “BAKI” - 0:2
QOLLAR: Koke, 8; Junior, 29
QIRMIZI VƏRƏQƏ: Denis Silva, 81
Bakı. “Dalğa Arena” stadionu
Baş hakim: Əliyar Ağayev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov
"Dalğa Arena" stadionu.

“NEFTÇİ”: Saşa Stamenkoviç, Rail Məlikov, Denis Silva, İqor Mitreski, Slavço Georgiyevski, Flavinyo, Ruslan Abışov, Ruslan Əmircanov, Mirhüseyn Seyidov, Fərid Quliyev, Rəşad Abdullayev.
Ehtiyat oyunçular: Rauf Mehtiev, Elşən Abdullayev, Cavid Hüseynov, Bahodir Nasimov, Alessandro Da Silva, Cavid İmamverdiyev, Elvin Yunuszadə.

“BAKI”: Aqil Məmmədov, Denis İvanovs, İbrahim Karqbo, Deyvidas Çesnauskis, Junior, Cəmşid Məhərrəmov, Elşad Manafov, Nenad Kovaçeviç, Uinston Parks, Aleksandr Şoliç, Koke.
Ehtiyat oyunçular: Marko Şarliya, Vadim Borets, Elvin Məmmədov, Nurlan Novruzov, Novruz Məmmədov, Aleksey Savinov, Rəhman Hacıyev

---
Oyun başladı. Topa ilk zərbəni “Bakı” futbolçuları vurur.
İlk hücum “ağ-qaralar”dan gəlir. Amma top Flavinyonun əlinə dəyir.
“Neftçi” hesabı açmağa yaxın olur. Flavinyo Fəridin ötürməsini qapının üstündən vurur.
0:1. Hesab açılır. Künc zərbəsindən sonra “Bakı” “ağ-qaralar”ı cəzalandırır. Qolun müəllifi – Koke.
Hücuma atılan Karqbo qaydanı pozur.
Flavinyo simulyasiya edib, yıxılır. Hakim qaydaların pozulmadığını bildirir.
Railin zərbəsi – olduqca qeyri-dəqiqdi.
Oyunun tepmi aşağı düşüb.
Aqil Məmmədov sağ cinahdan qapı qarşısına ötürməni asanlıqla tutur.
Denis Silva Kokeyə qarşı kobud oynayır.
0:2. Möhtəşəm bir qol. Junior uzaq məsafədən topu düz “doqquzluğ”a göndərir.
“Neftçi” hesab arasındakı fərqi azaltmağa çalışır. Amma “ağ-qaralar”ın cəhdi fayda vermir.
Fəridin zərbəsi təhlükəli olsa da, qeyri-dəqiqdi.
Fərid Railin qapı qarşısına ötürdüyü topa dəqiq zərbə vura bilmir.
Flavinyodan növbəti simulyasiya.
Çesnauskis ofsayda düşür.
“Bakı” üçüncü qolu vura bilirdi. Soliçin cərimə meydançası daxilindən zərbəsini Stamenkoviç kornerə çıxarır.
Baş hakim ilk yarıya 2 dəqiqə əlavə edir.

Fasilə

“Neftçi” ikinci yarıya əvəzetmə ilə başlayacaq. Georgiyevskini Cavid İmamverdiyev əvəzləyir.
“Ağ-qaralar”ın fərqi azaltmasına Cəmşid Məhərrəmov imkan vermir. Korner.
Hücumlarının kəsərini artıran “Neftçi” künc zərbəsi vurur.
“Neftçi”nin növbəti hücumu - müdafiçəlir təhlükəni sovuşdururlar.
Zədəli Parks yerini Nurlan Novruzova verir.
Ruslan Abışov sarı vərəqə ilə cəzalandırılır.
Ruslanın zərbəsində azacıq dəqiqlik çatmadı.
“Neftçi”də daha bir əvəzetmə. Fərid Quliyev yerini Cavid Hüseynova verir.
Hakimin qərarına etiraz etdiyi üçün Denis Silva qarşısında sarı vərəqə görür.
Rəşad Abdullayevin zərbəsi gözlənilməz olsa da. Aqil çətinlik çəkmədən topu tutur.
“Neftçi”nin son ümidi: Nasimov Mirhüseyn Hüseynovun əvəzləyir.
Nasimovun başla zərbəsi - dəqiq deyil.
Bu dəqiqələrdə “Bakı” tamamilə müdafiəyə çəkilib. “Neftçi”nin hücumları isə heç bir effekt vermir.
Soliçin zərbəsi təhlükəli alındı.
Hakim vaxtı uzatdığı üçün Aqil Məmmədova sarı vərəqə göstərir.
Çesnauskis matçın taleyini həll etməyə yaxın idi. Ancaq qapıçı ilə təkbətək qalan futbolçu topa dəqiq zərbə vura bilmədi.
Nasimovun qüvvətli zərbəsini Məmmədov dəf edir.
Qarşılaşmada ilk qırmızı vərəqə. Nurlana qarşı kobud oynayan Denis ikinci sarı vərəqə ilə meydandan qovulur.
Cəmşid Məhərrəmov sarı vərəqə ilə cəzalandırılır.
“Bakı”da növbəti əvəzetmə. Elvin Məmmədov Kokeni əvəzləyir.
İkinci hissəyə 4 dəqiqəəlavə edilir.
Aqil İmamverdiyevin zərbəsini asanlıqla dəf edir.
Elvin Məmmədovun yaxın məsafədən zərbəsi qapının üstündən keçir.
Soliç Novruz Məmmədovla əvəzlənir.

Bu da hakimin final fiti. “Bakı” tarixində üçüncü dəfə Azərbaycan kubokunun qalibi olur.