Üçü birində
16.05.2012 - 17:03
Üçü birində
Azərbaycanı növbəti mövsüm avrokuboklarda təmsil edəcək Bakı klubları ev oyunlarını yeni stadionda keçirəcək. Bu barədə apasport.az saytına Peşəkar Futbol Liqasının Texniki-İdman şöbəsinin rəisi Məlik Həsənov məlumat verib.

O bildirib ki, “Neftçi”, “İnter” və “Bakı” qitə miqyaslı turnir üçün Mərdəkandakı “Dalğa Arena”nı sifariş ediblər.

Daha bir təmsilçimiz “Xəzər Lənkəran”ın isə Lənkərandakı stadionu UEFA tərəfindən qəbul olunduğundan, avrokuboklarda rəqiblərini doğma arenada qəbul edə biləcək.

Avrokuboklarda paytaxt klublarımızın ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionu ötən ilin payızından təmirə bağlanıb. Həsənovun sözlərinə görə, yığmalarımız kimi, klublarımız da rəsmi oyunlar üçün “Dalğa Arena”ya üz tutsalar da, başqa variantları olub: “Hazırda Bakıda beynəlxalq oyunlar üçün lisenziyadan keçən 2 stadion var. Bunlar “Dalğa Arena” ilə yanaşı, AZAL-ın Şüvəlandakı stadionudur. Bildiyiniz kimi, AZAL ötən yay Avroliqada “Minsk”lə ev oyununu bu arenada keçirdi. Yəni avrokuboklardakı təmsilçilərimiz oranı da göstərə bilərdilər.

“Neftçi” ilə “Bakı”nın ev oyunlarını keçirdiyi Respublika stadionunda təmirə bağlanıbsa, “İnter”in arenası olan “Şəfa”nın isə beynəlxalq oyunlara lisenziya almağı üçün bu yay qazonu dəyişdiriləcək”.

3 klubun rəqiblərini eyni stadionda qəbul etməyi ilə sıx qrafik yaranacaq. Ancaq Həsənovun fikrincə, Çempionlar Liqası ilə Avroliqanın oyunları həftənin fərqli günlərində keçirildiyindən, problem olmamalıdır: “Bildiyiniz kimi, “Neftçi” mübarizəyə II təsnifat mərhələsindən qatılacağından, digər 3 klubla müqayisədə gec oynayacaq. Özü də bu turnirdə matçlar ya çərşənbə axşamı, ya da çərşənbə keçirilir. “İnter”lə “Bakı”nın çıxış edəcəyi Avroliqadakı matçlar isə cümə axşamı olur. Yəni bu 2 turnirin oyunları eyni günə təsadüf etmədiyindən, üst-üstə düşməyəcək. Bir arenada 2 gündə 2 avrokubok matçı keçirmək olar. “İnter”lə “Bakı”nın oyunlarının üst-üstə düşməyi isə mümkündür ki, bunu UEFA püşkatmadan sonra nəzərə alacaq. Yəni bu komandaların püşkə əsasən ev oyunları eyni günə düşərsə, birinin yeri dəyişdirilərək, səfərə salınacaq ki, problem olmasın”.

Qeyd edək ki, avrokuboklarda növbəti mövsümün püşkün iyunun 17-də atılacaq.

Mehman SÜLEYMANOV