“Ən ağır oyun “Neftçi”yə uduzduğumuz görüş idi”
16.05.2012 - 23:10
“Ən ağır oyun “Neftçi”yə uduzduğumuz görüş idi”
“Bu çempionluq bizə heç də asan başa gəlmədi. “Neftçi” son ana qədər amansız mübarizə apardı. Həlledici oyunda inamlı qələbə qazanıb, çempion olduq”. Bu sözləri apasport.az saytına “Araz” futzal komandasının üzvü Vitali Borisov deyib.

Futzal üzrə ölkə çempionatına yekun vuruldu. Yarışın əsas mərhələsində 2 komanda eyni sayda xal topladığı üçün qalib “qızıl oyun”da müəyyənləşib. Həlledici matçda son 7 ilin çempionu “Araz”la “Neftçi” İSM üz-üzə gəlib. Maraqlı keçən matçda Naxçıvan təmsilçisi 8:2 hesabı ilə qələbə qazanıb.

Qarşılaşma barədə danışan Borisov bildirib ki, belə oyunlarda həmişə prinsipiallıq olur: “Çempionluğa oynayan iki komandanın mübarizəsi həmişə gərginliyi ilə seçilir. Bu dəfə də istisna olmadı. Ancaq buna baxmayaraq, layiqli mübarizə aparıb inamlı qələbə qazandıq. Çempionatda “Neftçi” kimi komandalar çox olsa, bütün oyunlar gərgin keçəcək”.

Mövsümü “qızıl dubl”la qapamaq istədiklərini gizlətməyən Vitali qarşıdakı oyunlarda legionerlərin xidmətindən yararlana bilməyəcəklərini qeyd edib: “Bildiyim qədəri ilə legionerlərimiz tətil üçün ölkələrinə gedəcəklər. Çox güman ki, ölkə kubokunun oyunlarında onların xidmətlərindən istifadə edə bilməyəcəyik. Əsas məqsəd çempion olmaq idi. Kubokda irəliləyə bildiyimiz qədər irəliləyəcəyik. Artıq 2 ildir ölkə kubokunu qazana bilmirik. Çalışacağıq bu uğursuzluğa son qoyaq”.

Başa çatan çempionatda unuda bilmədiyi oyuna da toxunan futzalçı “Neftçi”yə məğlubiyyəti unuda bilmədiyini bildirib: “Cari mövsümdə mənim üçün ən ağır oyun “Neftçi”yə məğlub olduğumuz görüş idi. İlk hissədə 2:1 hesabı ilə irəlidə olsaq da, fasilədən sonra onlar daha yaxşı oynayıb əzmkar qələbə qazandılar. Qalan iki oyunda isə “Neftçi”ni 5:1 və 8:2 hesabı ilə məğlub etmişik”.