Rizvan Fərzəliyev: Biz “qızıl dubl” etmək fikrindəyik - MÜSAHİBƏ
16.05.2012 - 23:05
Rizvan Fərzəliyev: Biz “qızıl dubl” etmək fikrindəyik - MÜSAHİBƏ
“Araz” futzal klubunun üzvü Rizvan Fərzəliyevin apasport.az saytına müsahibəsi

- Artıq ölkə çempionatına yekun vuruldu. “Neftçi” üzərində qələbə qazandığınız “Qızıl oyun”la bağlı fikirlərinizi bilmək istərdik...
- Ümumilikdə, çempionat çox gərgin keçdi. Gördüyünüz kimi, qalib “qızıl oyun”da müəyyənləşdi. Qarşılaşmaya çox ciddi yanaşırdıq. Oyun öncəsi geniş ajiotaj vardı. Klub rəhbərliyini, komanda yoldaşlarımı, “Araz”sevərləri çempionluq münasibətilə təbrik edirəm. Rəhbərlik komanda üçün hər cür şərait yaradıb. Biz də çempionluğu qazanıb, rəhbərliyinin zəhmətinin hədər getmədiyini sübut etdik.

- Hesab matçın asan keçdiyinə işarə olsa da, ilk dəqiqələr heç də yaxşı alınmadı...
- Son turlarda “Neftçi”ni 5:1 hesabı ilə məğlub edərək, xalları bərabərləşdirdik. “Qızıl oyun”da gərginlik vardı. Çünki məğlub olmaq və ya heç-heçə etmək bizi qane etmirdi. Çempion olmaq üçün mütləq qələbə qazanmalı idik. Bu oyunda məsuliyyəti üzərimizə götürdük. Sevindirici haldır ki, bunun öhdəsindən uğurla gəldik.

- Ardıcıl 8-ci çempionluq sizin üçün adiləşməyib?
- Xeyr. Vurduğumuz hər qola emosional şəkildə sevinməyimiz istəkdən irəli gəlirdi. Çünki məqsədimiz çempion olmaq idi. Hər qoldan sonra yenə davamını gətirmək istəyirdik. Nəticədə 8:2 hesablı qələbə qazandıq.

- Qarşıda kubok oyunu var. Bu barədə nə düşünürsünüz?
- Yalnız çempionluqla kifayətlənmək niyyətində deyilik. Əsas məqsədlərimizdən biri ölkə kubokunu da qazanmaqdır. Biz “qızıl dubl” etmək fikrindəyik.

- Bəs avrokuboklardakı uğursuzluğu yeni mövsümdə unutdurmaq mümkün olacaqmı?
- Avrokubok gələcəyin planıdır. İndi istirahət vaxtıdır. Təxminən 2 aylıq istirahətə çıxacağıq. Çalışacaq ki, ölkəmizi Avropa səhnəsində layiqincə təmsil edək.