Yuto Naqamoto: Azərbaycanla oyun bizim üçün çox vacibdir
17.05.2012 - 10:42
Yuto Naqamoto: Azərbaycanla oyun bizim üçün çox vacibdir
“Azərbaycan yığması ilə qarşılaşma bizim üçün çox vacibdir. Çünki bu oyun dünya çempionatının seçmə mərhələsinin startı ərəfəsinə təsadüf edir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Yaponiya millisinin futbolçusu Yuto Naqamoto deyib.

25 yaşlı futbolçu mayın 23-də Azərbaycan yığması ilə keçiriləcək yoldaşlıq oyunu haqqında fikirlərini açıqlayıb: “İndiyədək bu komanda ilə qarşılaşmamışıq. Bu, ona görə yaxşıdır ki, belə rəqiblərlə oyunlar təcrübəsi toplayacağıq. Şəxsən özümə gəlincə, malik olduğum beynəlxalq təcrübədən bu oyunda da yararlanmağa çalışacağam”.

Yaponiyalı futbolçu Şidzuoka şəhərinin “Ekopa” stadionundakı görüşdə şans qazanmaq arzusundadır: “Azərbaycanla oyunda meydana çıxmaq istəyirəm. Bu qarşılaşmada qalib gəlməliyik. Çünki seçmə mərhələyə yüksək əhval-ruhiyyədə başlamaq yaxşı olardı. Bu üzdən də Azərbaycanla qarşılaşmada nəticə bizim üçün vacibdir”.