Məşhur idmançılarımız “oğru” imiş...
17.05.2012 - 20:01
 Məşhur idmançılarımız “oğru” imiş...
Bakının Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da futbol üzrə Azərbaycan Kubokunun final matçı keçirilir. Lent.az-ın məlumatına görə, “Neftçi” və “Bakı” arasındakı oyun öncəsi Peşəkar Futbol Liqası tərəfindən təşkil olunmuş şou-proqram tamaşaçılara təqdim olunub.

Meydançanın yarıdan çoxunu dolduran azarkeşlər əvvəlcə Rəşad Dağlı və Pərviz Bülbülənin ifasında iki komandanın şəninə bəslənən meyxanaları və onların öz aralarındakı deyişmələri izləyiblər. Sonra Röya və xalq artisti Aygün Kazımovanın ifasında mahnılar səsləndirilib.

Ardından qızlar əllərində toplarla, həmçinin oğlan və qızlar göy, qırmızı və yaşıl bayraqlarla meydana daxil olublar. Əvvəlcə bayraqla, sonra topla rəqslər ifa olunub. Yekunda isə milli geyimli rəqqaslar meydançaya daxil olublar. Onların ifasında müxtəlif tryuklar yerinə yetirilib.

Ən maraqlı tamaşa isə məşhur idmançılarımızın ifasında “kubokun oğurlanması” səhnəsi olub. “Oğru” rolunda karate üzrə dəfələrlə dünya və Avropa çempionumuz Rafael Ağayev, stend atıcılığı üzrə olimpiya çempionumuz Zemfira Meftahəddinova, ağırlıqqaldırma üzrə dünya və Avropa çempionumuz Nizami Paşayev, yunan-Roma güləşi üzrə olimpiya və dünya çempionumuz Fərid Mansurov, kikboksinq üzrə dəfələrlə dünya çempionumuz Eduard Məmmədov və məşhur şahmatçımız Vüqar Həşimov çıxış ediblər. Ssenariyə əsasən, kubok əldən-ələ keçdikdən sonra 17 yaşadək qadın futbolçulardan ibarət yığmamıza qismət olur və bu komanda baş mükafatı stadiona gətirir.

Bununla da 25 yaşlı baş hakim Əliyar Ağayev “Neftçi” və “Bakı” komandalarını meydançaya çıxarıb.