“Xəmsə” rəhbərindən ŞOK ittihamlar
18.05.2012 - 14:38
“Xəmsə” rəhbərindən ŞOK ittihamlar
“Xəmsə” fanklubunun rəhbəri Adil Məmmədovun apasport.az saytına müsahibəsi

- Ölkə kubokunun finalında sizin fanklub “Böyük klub, kiçik hədəf, belə klub nəyə gərək” sözləri əks olunan plakat qaldırmışdı. “Kəpəz”in çıxışından narazılığı Bakıda, özü də paytaxt təmsilçilərinin oyununda nümayiş etdirmək nə ilə bağlıdır?
- Biz bu aksiyanı Gəncədə təşkil etmək istəyirdik. Ancaq qoymadılar. Neçə vaxtdır təxirə salırdıq. Axırda qərara aldıq ki, bunu Bakıda reallaşdıraq.

- Gəncədə aksiyanızın qarşısını kim alırdı ki?
- Bilmirəm, kiminsə tapşırığıdır. Gəncədə azarkeşlərə böyük təzyiq var. Heç plakat qaldırmağa da qoymurlar. Polis başımızın üstünü kəsib, istefa qışqırmağa imkan vermir.

- Əvvəllər bu tip plakatlar hazırlanıbmı?
- Hə, olub. Hələ Mehman Allahverdiyevin istefaya göndərilmək üzrə olduğu ərəfədə də belə plakat hazırlamışdıq. Amma qışqırmağa imkan vermədilər.

- Həmin vaxt plakatda hansı şüarlar əks olunmuşdu?
- Tapşırıqla komandaya gələn oyunçularla bağlı narazılıqlar.

- “Kəpəz”də tapşırıqla oynayan futbolçu çoxdur?
- Komandanın yarısı tapşırıqla gələnlərdir.

- Fanklubun əsas tələbi nədir?
- Biz demirik ki, çempion olsunlar. Təki komandanın adına layiq oynasınlar. Udanda da, uduzanda da kişi kimi oynasınlar. “Kəpəz” həm titullarına, həm də tarixinə görə “Neftçi”dən sonra Azərbaycanın 2-ci klubudur. Biz gəncəlilər futbolda, asfaltda oynaya-oynaya böyümüşük. Artıq oyunun 20-25-ci dəqiqəsində bilirik ki, nə var, nə yox. Özləri uduzur, ya oynayıb uduzurlar.

- Komandanın bilərəkdən oynamayıb, uduzduğu görüşlər olub?
- Əlbəttə! Əksər turlarda qəsdən uduzublar.

- Futbolçulara belə tapşırıq verirlər, yoxsa?
- Deyə bilmərəm: rəhbərliyin, ya kiminsə tapşırığı ilə edirlər.

- Bəs onda oynamayıb, uduzmağa səbəb nədir?
- Bunun səbəbkarı tapşırıqla gələn futbolçulardır. İstədiyi vaxt uduzub məşqçini istefaya göndərtdirilər. İstədiyi vaxt oynayırlar, istəməyəndə yox. Bir sözlə, “Kəpəz”də peşəkarlıq sıfır dərəcəsindədir. Sizə 1 hadisə də danışım.

- Buyurun...
- “Kəpəz” Premyer Liqada tarixinin 800-cü qolunu vurdu. Bu da tarixdir. Lakin belə tarixi hadisəyə klub rəhbərliyi biganə qaldı. Üstündən 3 həftə keçmiş gördüm ki, bunlardan səs-səmir çıxmır. Özüm Bakıda bir diplom hazırlatdırdım. Apardım Gəncəyə ki, oyundan əvvəl həmin yubiley qolunun müəllifi olan Şahin Kərimova təqdim edim. Lakin buna da imkan vermirdilər.

- Diplomu sonra da təqdim edə bilmədiniz?
- Sonda Elmir Əliyevin yanına girdim. Dedim ki, bəs mən diplom hazırlatdırmışam, icazə verin təqdim edim. Dedi ki, bizim də fikrimizdə var idi. Lakin fikirlərində olsaydı, 3 həftədə verərdilər də. Axırda icazə alıb qaçış cığırının yanına çıxdım ki, Şahinə verim. Futbolçuya da tapşırmışdılar ki, diplomu qəbul etmə. Amma güclə ona verdim. Heç stadionda elan olunmadı ki, bu nə məsələdir.