Maris Verpakovski: Güclü heyətə sahib olmalıyıq
18.05.2012 - 15:23
Maris Verpakovski: Güclü heyətə sahib olmalıyıq
“Bizə mütləq qələbə lazım idi. Çünki uğursuz çempionatdan sonra mövsümü kubokla başa vurmaq istəyirdik. Komandamız birinci hissədə 2 qol vurmaqla, potensialı olduğunu ortaya qoydu. “Bakı” Avropada oynaya biləcək gücdədir”. Bu sözləri apasport.az saytına “Bakı” klubunun hücumçusu Maris Verpakovski deyib.

Yayda paytaxt təmsilçisinə transfer olunan Latviya futbolunun əfsanəsi ölkə kubokunun finalında komandasına kömək edə bilməsə də, matçı izləyənlər arasında idi. Bununla da zədəli Verpakovskis komandasına dəstək olmağa çalışdı. Oyundan sonra açıqlama verən hücumçu müdafiədə diqqətli oynadıqlarını deyib: “Qolu erkən vurduq. Fasiləyə qədər üstünlüyümüzü 2 topa çatdırdıq. Futbolda belə şeylər olur. Uşaqlar, xüsusilə müdafiədə diqqətli oynamaqla qələbəni təmin etdilər”.

Komandadakı taleyinə hələ aydınlıq gətirilmədiyini də deyən latviyalı futbolçu 1-2 gün ərzində bu məsələnin aydınlaşacağını bildirib: “Hələ dəqiq heç nə bilinmir. Bir-iki gün ərzində bu məsələ həllini tapacaq. Qalmaq şansım var. Komanda avrokuboklarda oynayacaq. Buna görə də güclü heyətə sahib olmalıyıq”.

Qeyd edək ki, Aleksandr Starkovun vaxtında komandaya cəlb edilən forvard arxada qalan mövsümdə ümidləri doğrultmayıb. O, son oyunları zədəli olduğuna görə buraxıb.