“Çelsi”nin tarixi zəfəri
20.05.2012 - 01:29
“Çelsi”nin tarixi zəfəri
“Çelsi” tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub. Apasport.az saytının xəbərinə görə, İngiltərə təmsilçisi finalda Almaniya “Bavariya”sını penaltilər seriyasında məğlubiyyətə uğradıb.

Münhendəki “Alyans Arena”da keçirilmiş qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə tamamlanıb. 83-cü dəqiqədə “Bavariya”nın yarımmüdafiəçisi Frank Riberinin ötürməsini Tomas Müller başla “Çelsi”nin qapısından keçirib. Münhenlilərin sevinci uzun sürməyib. 89-cu dəqiqədə Didye Droqba künc zərbəsindən ötürülən topu dəqiq baş zərbəsi ilə tamamlayıb.

Əlavə vaxtda “Bavariya” qələbə topunu vurmaq üçün əla şans əldə edib. 95-ci dəqiqədə Didye Droqba Frank Riberinin ayağına zərbə endirib. Bu səbəbdən portuqaliyalı baş hakim penalti təyin edib. Lakin Aryen Robbenin zərbəsini “Çelsi”nin qapıçısı Petr Çex tutub. Riberi isə zədələndiyi üçün oyunu davam etdirə bilməyib. O, yerini İvitsa Oliçə verib.

Penaltilər seriyasında isə “Bavariya”nın futbolçularından İvitsa Oliç və Bastian Şvaynştayger, “Çelsi”dən isə Xuan Mata zərbələri dəqiq yerinə yetirə bilməyiblər. Matanın zərbəsini dəf edən Manuel Noyer az sonra özü penaltini dəqiq yerinə yetirib.

Amma Noyerin komanda yoldaşları əlavə vaxtdakı da nəzərə alınmaqla, 3 penaltini boşa veriblər.

Beləliklə, “Çelsi” penaltilər seriyasında 4:3 hesabı ilə qalib gələrək, klubun sahibi Roman Abramoviçin ən böyük arzusunu yerinə yetiriblər.

Qeyd edək ki, “Çelsi” 2010-cu ildə də Çempionlar Liqasının finalında mübarizə aparıb. Lakin həmin vaxt “zadəganlar” məhz penaltilər seriyasında “Mançester Yunayted”ə uduzublar.

Çempionlar Liqası
Final


19 may

“BAVARİYA” (ALMANİYA) – “ÇELSİ” (İNGİLTƏRƏ) - 1:1 penaltilərlə 3:4
Münhen. “Alyans Arena” stadionu
QOLLAR: Tomas Müller, 83 - Droqba, 89
Penaltilər seriyası: Fili Lam, 1:0; Xuan Mata, 1:0; Mario Qomes, 2:0; David Luis, 2:1; Manuel Noyer, 3:1; Frenk Lempard, 3:2; İvisa Oliç, 3:2; Eşli Koul, 3:3; Bastian Şvaynştayger, 3:3; Didye Droqba, 3:4