Nəhənglərin savaşı: Tanrı qələbəni ən çox istəyənə verəcək
19.05.2012 - 09:00
Nəhənglərin savaşı: Tanrı qələbəni ən çox istəyənə verəcək
Bu gün bütün futbol həvəskarlarının gözü Münhendə olacaq. Ünlü "Alyans Arena" stadionunda ÇL-in finalında "Bavariya" və "Çelsi" üz-üzə gələcək ki, bu oyun başlanana qədər və qurtardıqdan sonra hələ uzun müddət müzakirə olunacaq. Təbii ki, başlanğıc mərhələsində proqnozlar və şanslar dəyərləndirilirsə, oyun bitdikdən sonra təhlillər aparılacaq.

Əlbəttə, münhenlilərin xeyrinə olan ən önəmli məqam meydan sahibliyidi. Təbii ki, final matçı bir oyundan ibarətdisə və sən həmin oyunu evdə keçirirsənsə, daha taledən şikayətlənməyə haqqın yoxdu. Nəzərə alaq ki, "Bavariya" ÇL-də evdə keçirdiyi son 14 oyunun 13-də qələbə qazanıb.

Zədəli və cəzalı oyunçuların durumuna gəlincə, "Bavariya" burada da "Çelsi"dən üstün durumdadı. Məsələn, finalda münhenlilərin heyətində 3 oyunçu meydana çıxmayacaqsa, londonlularda 4 futbolçu oyunu kənardan izləmək məcburiyyətində qalacaq. Ən əsası, "zadəganlar"ın heyətində Terri və İvanoviç kimi nəhəng müdafiəçilər meydana çıxmayacaq ki, bu da "Bavariya"nın işinə yarayacaq. Həzərə alaq ki, Roberto di Matteonun komandasında Keyhill və David Luisin də meydana çıxması sual altındadı. Təbii ki, 4 aparıcı müdafiəçisinin yoxluğunda "zadəganlar"ın işi çətin olacaq. Belədə Robben - Riberi - Qomes üçbucağı "Çelsi"ni "uda bilər".

Futbolda məşqçi amili hər şey demək olmasa da, çox şeydi. Məşqçilik üçün təcrübə də eyni kateqoriyaya daxildi. Düzdü, Ferqyusson Qvardioladan hər nə qədər təcrübəli olsa da, "dünənin uşağı" 2 finalda "qoca qurd"u üstələyə bildi. Amma söhbət "Barselona" kimi sistemi olan komandadan gedirsə, burada istisnaya yol vermək olar. Amma di Matteonun durumu bir qədər fərqlidi. Düzdü, o, "Çelsi"ni toparlaya bilsə də, bu komandada vahid mexanizmin olmasından danışmaq olmaz. Bax, belə məqamda məşqçi amili ön plana çıxır ki, burada da hakimiyyət məhz təcrübəlinin əlinə keçir. Hər halda, Yupp Haynkess kimi "ağsaqqal" di Matteodan daha fərasətli sayılmalıdı. Haynkessin vaxtıyla "Real"a çempionluq qazandırması və karyerası boyunca bərkdən-boşdan çıxması "Bavariya"nın "Çelsi"ylə müqayisədə bir addım öndə olmasından xəbər verir.

Hər iki komanda cari mövsüm daxili birinciliklərində çempion olmasa da, "Bavariya" qarşıdakı mövsümdə qitənin bir nömrəli klub turnirinin qrup mərhələsində oynamaq hüququnu təmin edib. Ancaq bu sözləri "Çelsi"yə aid etmək olmaz. Andre Villaş-Boaşın xaraba qoyduğu komandanı abadlaşdırmağa çalışsa da, di Matteonun "zadəganlar"ı 4-cü pilləyə çıxarmağa gücü çatmadı. İndi "Çelsi"nin çıxış yolu qarşıdakı mövsümdə ÇL-də oynamaq üçün bu turniri qazanmaqdı. Hər halda, ÇL-də oynamamaqla bu komanda maliyyə cəhətdən çox geri düşəcək. Həzərə alaq ki, Roman Abramoviçin gəlişindən sonra "Çelsi" həmişə ÇL-də oynayıb. İndi bu, baş verməsə, Abramoviçin bu turniri qazanmaq arzusu ən azı 2 illiyə təxirə düşəcək. Ona görə də londonlular bu matçda daha çox təzyiq altında oynayacaq ki, bu da münhenlilərin lehinə işləyəcək.

Heyət amilinə görə də "Bavariya" "Çelsi"ni üstələyir. Yuxarda zədəli və cəzalı oyunçuların durumuna nəzər salarkən "Çelsi"nin arxa xəttdəki boşluqlarından Ri-Ro-Qo "üçlüsü"nün məharətlə istifadə etmək gücündə olduğunu söyləmişdik. Lap hər iki komandada itkilər olmasa belə, "Bavariya"nın bıçağı daha itidi. Bəlkə belə oyunlarda söz sahibi olduğuna görə Droqba Qomesdən üstündü. Amma "Çelsi"də Riberi və Robben kimi vinger yoxdu.
Etiraf edək ki, londonluların katalonlar üçün həmişə tərs rəqib olduğunu nəzərə alsaq da, heç kim dünyanın ən yaxşı komandası kimi dəyərləndirilən "Barsa"nın "Çelsi"yə uduzacağını düşünmürdü. Hətta "Çelsi" azarkeşləri buna inansa da, ən azı ürəklərində qorxu var idi.

Hər halda, dünyada futbol adına "Barselona"nı udmaqdan çətin heç nə ola bilməz. Amma di Matteonun yetirmələri bunu bacardı. "Çelsi" okeanı üzüb keçibsə, dənizdə necə çətinliklə üzləşə bilər? Unutmayaq ki, "Bavariya" "Barselona" deyil. Deməli, "Çelsi"nin münhenliləri adlamaq şansı var.

Belə bir deyim var ki, hücum etmək müdafiə olunmaqdan çətindi. Əla müdafiə olunmaq bacarığı isə bir komandanın həmişə ən böyük üstünlüyü olub. "Bavariya"yla müqayisədə isə "Çelsi"nin belə bir üstünlüyü var. Siz təsəvvür edə bilərsizmi ki, oyun boyunca "Çelsi" hücum edir, "Bavariya" isə müdafiə olunur. Yox, düzdü? Ancaq siz təsəvvür edirsiz ki, "Bavariya" hücum edir, "Çelsi" müdafiə olunur. Ən azı ona görə ki, hətta "Real"a qarşı iki oyunda da münhenlilər hücum edən tərəf idi. "Çelsi"nin isə "Barselona"ya qarşı 180 dəqiqə müdafiə olunması hələ də gözümüzün önündədi. "Real"la "Bavariya"nın oyununun taleyi necə həll olundu? Bəli, penaltilərələ!

Əvəzində "Çelsi" "Barselona"ya uduzmadı. Bu xırda və sürrealist olsa da, hardasa incə məqamdı. Həm də ki, di Matteo dağılmış komandadan vulkan kimi püskürən kollektiv yarada bilməzdi. Onun çıxış yolu müdafiə olunan xanlar kimi qala istehkamları qurmaq idi. İndi hücum fantaziyasının yeri deyil axı. Müdafiə qalası hardasa sağ qalmaq üçün problemi həll edir. Yəni, "Barselona" kimi super hücum xəttini zərərsizləşdirməklə "Bavariya"nın toplarını hədəfdən yayındırmaq mümkündü. Belədə "Çelsi"nin kəskin əks-hücumları münhenlilərin evini yıxa bilər.

Yuxarıda meydan amilinin "Bavariya"nın lehinə işlədiyini söylədik. Amma unutmayaq ki, bunun da mənfi cəhətləri var. Yəni doğma arenada final matçına çıxırsansa, üzərində təzyiqi hiss etməyə bilməzsən. Təzyiq isə heç vaxt müsbət cəhət sayılmayıb. Belədə favoritə qarşı oynamaq rəqib üçün bir qədər asanlaşır. "Çelsi" də bundan istifadə etmək gücündədi. Favorit olmamaq "Barsa"yla matçda "Çelsi"nin işinə yaradısa, bu dəfə də eyni vəziyyət təkrarlana bilər.

Bəli, hücum gücünün və heyət amilinin "Bavariya"nın xeyrinə olduğunu söylədik. Amma bir oyunçu var ki, onun meydanda olmağı vəziyyəti 180 dərəcə dəyişə bilər. Söhbət Frenk Lempardın dirijorluğundan gedir. Mata Robben və Riberi kimi virtouz sayılmasa da, Şvaynştayger də mərkəzdə dirijorluq qabiliyyətinə görə Lemparda bata bilməz. "Barsa"yla oyunda Frenkin nələr etdiyini gördük. Onun ikiyönlü oyunu "Çelsi"yə çox xeyir verir. Final matçında Lempard top almaq bacarığı və kəskin ötürmələri ilə ön plana çıxsa, əminəm ki, "Bavariya"nın başı çox ağrıyacaq.

Futbolda istək amili çox şeydi. Çox vaxt da Tanrı qələbəni ən çox istəyənə bəxş edir. Bəlkə də bu kənardan subyektiv və sübut olunması mümkün olmayan fikir kimi görünə bilər, amma fikrimcə, "Çelsi" ÇL-i qazanmağı daha çox istəyir. Əlbəttə, hazırda "Bavariya"nın aparıcı simalarından demək olar ki, heç kim ÇL-i başı üzərinə qaldırmayıb. Amma necə də olmasa, münhenlilər dəfələrlə bu turniri qazanıb, "Çelsi" acdı. Süfrə arxasında isə iştahlı daha yaxşı yeyir. Abramoviç peyda olandan bu klub dəridən-qabıqdan çıxır.

"Bavariya" Lui van Qalın dövründə bütün oyun komponentlərində "İnter"ə uduzdu. Amma Moskvada "Çelsi" ilk 30 dəqiqə "M.Y." ilə ayaqlaşa bilmədi. Penaltilərə qədər davam edən mücadilədə Terri "nöqtə"dən maksimum yararlansaydı, "zadəganlar" çempion olacaqdı. Deməli, əvəz çıxmaq üçün əla şans var.


* "Bavariya" ÇL-i qazansa, aktivində 5 kubok olan "Liverpul"a çatacaq.
* "Bavariya" bugünə qədər 8 dəfə qitənin bir nömrəli klub turnirinin finalına çıxıb ki, bu oyunlarda 50 faizlik nəticə göstərib.
* Bugünə qədər münhenlilər 3 dəfə İngiltərə təmsilçiləri ilə final oynayıb və onların yalnız birində udub.
* 1998-ci ildə Kuboklar Kubokunun finalında "Çelsi" bir başqa Almaniya təmsilçisi "Ştutqart"ı məğlub etmişdi.
* "Bavariya" ÇL-i qazansa, Haynkess bu turnirdə 2 dəfə komandasına uğur qazandıran 17-ci məşqçi kimi tarixə düşəcək. Qeyd edək ki, almaniyalı mütəxəssis 1998-ci ildə "Real"a ÇL-i qazandırmışdı.
* "Bavariya" bugünə qədər evdə İngiltərə təmsilçilərinə qarşı 16 oyun keçirib və 10 qələbənin müqabilində yalnız bir dəfə uduzub. Münhenliləri səfərdə yalnız 1992/93 mövsümündə "Horviç Siti" üstələyə bilib - 2:1.
* "Çelsi" cari mövsüm ÇL-də səfərdə yalnız bir qələbə qazanıb.
* "Çelsi" bugünə qədər Almaniyada keçirdiyi 6 görüşdən 1 qələbə və 4 məğlubiyyətlə ayrılıb.
* İndiyə qədər Almaniya - İngiltərə finalı 10 dəfə yaşanıb. Almanlar bu qarşıdurmalardan yalnız ikisində qalib ayrılıb.