“Onda kuboku heç kim əlimizdən almazdı”
20.05.2012 - 09:15
“Onda kuboku heç kim əlimizdən almazdı”
“Komandamız möhtəşəm oyun keçirdi. Məğlubiyyətə görə yalnız özümüzü günahlandırmalıyıq. Çünki çox qol imkanlarımız olsa da, bundan faydalana bilmədik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bavariya”nın baş məşqçisi Yupp Haynkes deyib. Çempionlar Liqasının finalında öz meydanında “Çelsi” ilə oyunda hesabı 83-cü dəqiqədə açsa da, sona 1 dəqiqə qalmış üstünlüyünü əldən verən münhenlilər oyun sonrası penaltilər seriyasında uduzdu.

Həmin zərbələri lotereya adlandıran alman mütəxəssis tarixdə buna çoxlu nümunələrin olduğunu bildirib: “Bu gün “Çelsi”nin bəxti gətirdi. Londonlular öz sevimli üslublarında oyandılar və bu matça görə onlara təşəkkür etmək istərdim. Bu, çox üzücü məğlubiyyətdir və mənim komandam çox məyusdur. Biz “Çelsi”ni öz üslubunda oynadığına görə günahlandıra bilmərik. Səndə bu qədər qol imkanı varsa, onda istifadə edə bilməlisən. Bu futbolçular Münhendə Çempionlar Liqasının qalibi olmağı arzulayırdılar. Əgər penaltini Bastian Şvaynştayger kimi təcrübəli və usta oyunçu vura bilmirsə, bununla sadəcə, barışmaq lazımdır. O, finala gedən yolumuzda vacib rol oynadı”.

Haynkesin sözlərinə görə, futbolda belə məğlubiyyətlər olur və onlara qarşı haqsızlığa görə gileylənmir: “Mən demişdim ki, doğma meydanda final xüsusi olacaq. Burada hamı səni tanıyır və özünü evdə hiss edirsən. Statistikaya baxın: biz bütün göstəricilərdə üstün idik. Futbolçularımız əla matç keçirsələr də, mükafatsız qaldılar. Ancaq ədalətsizlik haqda danışmağa dəyməz. Biz daha bir dəfə fərqlənib, vurduğumuz qoldan sonra qapımızı toxunulmaz saxlamalı idik. Onda kuboku heç kim bizim əlimizdən almazdı. İndi isə bizə yalnız “Çelsi”ni təbrik etmək qalır”.

Qeyd edək ki, Haynkes futbol tarixinə düşmək şansını qaçırdı. Bunadək “Real”la ÇL-nin qalibi olan təcrübəli mütəxəssis “Bavariya” ilə də eyni uğura imza atsaydı, buna turnirdə 2 komanda ilə nail olan 4-cü çalışdırıcı olacaqdı.