“Mən realist insanam, faktlarla danışmağı sevirəm” – MÜSAHİBƏ
21.05.2012 - 15:08
“Mən realist insanam, faktlarla danışmağı sevirəm” – MÜSAHİBƏ
“Neftçi” klubunun futbolçusu Cavid Hüseynovun apasport.az saytına müsahibəsi

- “Neftçi”dən ayrılmağınızla bağlı xəbərlər yayılır...
- Bu haqda saytlarda yazılanlardan xəbərdaram. Maraqlıdır, bu məlumatları haradan alıb yazırlar? Halbuki, mənə klubdan bu haqda heç nə deməyiblər. Düzdür, müqaviləm qurtarıb. Ancaq qalacam, ya gedəcəm, həlik konkret belə söhbət yoxdur.

- Bəs bu məsələyə nə vaxt aydınlıq gələcək?
- Hələlik istirahətdəyik. Yəqin ki, yaxın günlərdə bir xəbər çıxar.

- 2009-cu ilin qışından “ağ-qara” formanı geyinirsiniz. Necə fikirləşirsiniz, komanda sizi saxlamaqda maraqlı olacaq?
- Bu haqda heç nə deyə bilmərəm.

- Meydana daha çox sonradan çıxırsınız. Buna görə fikirləşmirsiniz ki, sizinlə yeni müqavilə uzatmayacaqlar?
- Mən çıxdığım oyunlarda özümü dəfələrlə sübut etmişəm. Oynamamaq məni də narahat edir. Oynamıram, formada oluram, yenə oynatmırlar, formadan düşürəm. Belə şeylər olur. Bir az istirahət edim, sonra karyeram haqda fikirləşəcəyəm. Bəlkə də getdim. Ancaq bu haqda danışmaq tezdir. Buna görə də sizə dəqiq söz deyə bilmirəm.

- Bəlkə meydana az çıxdığınıza görə, daha çox oynaya biləcəyiniz komandaya keçəsiniz?
- Elə fikirləşmirəm. Karyeramboyu zəif komandadan güclüyə doğru getmişəm. İndi özümü o qədər zəif saymıram ki, gedim hansısa zəif klubda oynayım. Güclü klublarda da oynamağı bacarıram və bunu da sübut etmişəm. “Neftçi”dən öncə “İnter”lə də çempion olmuşam. Yəni, çempionluqlarımın sayı 3-dür. Sadəcə, futbolçuya inam lazımdır. İnşallah, yaxşı olar. Əgər “Neftçi”də alınmasa, hansısa güclü kluba keçmək istəyirəm. Özümə güvənirəm. İlk dövrədə əksər görüşlərdə əsas heyətdə oynadım. Həmin matçların hamısını qələbə ilə başa vurmuşuq. Ancaq II dövrədə yenidən oynamadım, inam olmadı.

- Bunun səbəbi nə idi?
- Deməzdim ki, inamsızlıq yarandı. Şəxsən özümə, oynadığım futbola inanıram. Mən realist insanam, faktlarla danışmağı sevirəm. Əsas heyətdə 7-8 matçda meydana çıxdım və bunlar komanda üçün uğurlu alındı. Hətta bunlar arasında böyük hesablı qələbələrimiz də oldu. “Xəzər Lənkəran”ı 5:0, AZAl-ı 7:1 hesabı ilə məğlub etdik. Fikrimcə, həmin güclü oyunlarda mən də özümü yaxşı tərəfdən göstərmişəm. Bu gün öz gücüm buna çatırsa, bunu deyirəm. Ancaq çatmırsa, bunu etiraf edirəm. Özümü “Neftçi”nin əsas heyətində görürəm. Mən həmin Cavidəm, nəsə dəyişməyib.

- Mövqeyinizdə oynayan Rəşad Abdullayev əsas heyətdə yerini möhkəmlədib...
- Mən hücumçunun arxasında oynayıram. Sizə dediyim həmin matçlarda bu mövqedə çıxış etmişəm. Mənim üçün fərqi yoxdur, yarımmüdafiənin solunda, sağında, yoxsa mərkəzdə, hücumçunun arxasında oynayım. Əsas odur ki, start heyətində yer alım. Hər yerdə xeyir verməyi bacarıram, komandama hər yerdə kömək etməyə hazıram. Lap lazım gəlsə, hücumda da oynayıram.

- Çempion olsanız da, mövsümün sonu sizin üçün uğurlu keçmədi. Belə ki, finalda “Bakı”ya uduzduğunuzdan, Azərbaycan kubokunun qalibi ola bilmədiniz...
- Mövsümü “qızıl dubl”la bitirməyi çox istəyirdim, buna çox can atırdım. Hər an meydançaya girməyimi gözləyirdim. Düzdür, axırlarda meydana daxil oldum. Ancaq həmin vaxt 0:2 hesabı ilə geridə idik və tarazlığı bərpa etmək üçün psixoloji cəhətdən toparlana bilmədik. Bunun üçün əlimizdən gələni etdik, ancaq hesabı dəyişə bilmədik.

- Siz hələdə də kubok qazana bilməmisiniz...
- Doğrudur. 3 dəfə çempion olsam da, hələ ki kubok qazanmamışam. İki dəfə finalda oynamışam, ancaq ölkə kubokunun qalibi olmamışam. Çempionluq məndə alınır, ancaq kubok yox.