“Foqts deyir ki, çalış, klubunda əsas heyətdə oyna”
21.05.2012 - 20:01
“Foqts deyir ki, çalış, klubunda əsas heyətdə oyna”
“Milliyə Elvin Məmmədovla birgə, Berti Foqtsun vaxtında gəldik. Arada “boşalmalar” oldu ki, bu, oynamamaqla bağlı idi”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq futbolçusu Cavid Hüseynov deyib.

Hüseynovun millimdə debütü 4 il öncə - Berti Foqts baş məşqçi postuna gələrkən, “İnter”də birgə oynadığı Elvin Məmmədovla birgə dəvət olunduqları zamanı reallaşmışdı. Almaniya mütəxəssis uzun müddətdir kənarda qoyduğu bu gənc yarımmüdafiəçilərdən ötən mövsümü “Bakı”dan keçirən Məmmədova yenidən dəvət göndərərək, onu Yaponiya və Andorra yığmaları ilə yoldaşlıq görüşlərinə apardı.

Hüseynov dostunun milliyə dönüşünü müsbət qarşılayır: “Əlbəttə, Evinin qayıtmağına görə sevinirəm. O, yığmada yer almalıdır. Səhv etmirəmsə, millidə 6 qol vurub, hazırda oynayan futbolçular arasında bombardirdir. Sadəcə, arada zədələnməklə bağlı çox geri düşdü. İnşallah, formasını yığar”.

Son 2,5 ili “Neftçi”də keçirən Hüseynov özünün də qayıdışının reallaşmağını istəyir: “Foqts özü mənimlə söhbətdə deyir ki, sən klubda əsas heyətdə oynamırsan. Çalış, oynayasan. Mən də çalışıram, ancaq alınmır. Foqtsun da istəyi odur ki, yığmanın futbolçuları klublarında daim əsas heyətdə oynasınlar. İnşallah, yenidən milliyə qayıtmağa çalışacağam. Çünki yığmada oynamaq hər bir azərbaycanlının istəyidir və bu, şərəfdir. Həmişə arzu edirsən ki, yığmanın heyətində öz ölkəni təmsil edəsən”.