Çempionlar Liqasında ən intizamsız klublar finalçılar imiş
21.05.2012 - 17:24
Çempionlar Liqasında ən intizamsız klublar finalçılar imiş
Çempionlar Liqasının (ÇL) yenicə başa çatan mövsümünün yekunları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropanın ən nüfuzlu turnirinin məhsuldar komandaları yarımfinalda uduzan “Real”la “Barselona” olub. İspaniya nəhəngləri hərəyə 35 qol vurub. Onları mübarizədən kənarlaşdıraraq, finala çıxan “Bavariya” ilə “Çelsi” isə 26 və 25 qolla müvafiq olaraq 3-cü və 4-cü olub.

Göründüyü kimi, ÇL-i tarixində ilk dəfə qazanan “Çelsi” məhsuldarlığına görə heç üçlüyə düşməyib. Əvəzində londonlular sarı vərəqələrin sayına görə liderlik edir. Belə ki, turnirdə ən çox sarı vərəqəni məhz “Çelsi”nin futbolçuları alıb – 31. 2-ci yerdə 29 sarı vərəqə ilə “Bavariya”dır.

Münhenlilər turnirdə 209 qayda pozuntusu ilə liderdir. Onun bu göstəricidə ən yaxın izləyicisi məhz finalda uduzduğu komandadır – 183. Finalçılar başa çatan mövsümdə hərəyə 1 qırmızı vərəqə alıb ki, bu baxımdan antirekord 3 qırmızı vərəqə alan “Marsel”ə məxsusdur.

ÇL-nin 2 ən kobud oyunçusundan biri “Bavariya”ın futbolçusu Holger Badştuberdir. Ötən seçmə mərhələdə millimizə Kölndə 6:1 hesabı ilə qalib gəldikləri rəsmi oyunda qol vuran Almaniya yığmasının müdafiəçisi 5 sarı, 1 qırmızı vərəqə alıb. O, məhz cəzalı olduğundan, finalda meydana çıxa bilmədi. Holger sayda vərəqəsi olan digər intizamsız futbolçu isə “Benfika”dan Maksi Pereyradır.