“Mənim istəmədiyim oyunçu komandada ola bilməz” - MÜSAHİBƏ
18.06.2012 - 00:41
“Mənim istəmədiyim oyunçu komandada ola bilməz” - MÜSAHİBƏ
Ölkəmizi Avroliqada təmsil edəcək "Bakı" ölkə daxilində reallaşdırdığı hazırlığın ilk mərhələsinə yekun vuraraq, səfərə hazırlaşır. Apasport.az saytının xəbərinə görə, mövsümlərarası fasilədə AZAL-la keçirdiyi ilk yoxlama oyununda qolsuz heç-heçə edən "zolaqlılar" bu gün təlim-məşq toplanışını davam etirmək üçün Sloveniyaya yollanacaqlar.
Səfər ərəfəsində komandanın baş məşqçisi Norvuz Əzimovla əlaqə saxlayaraq, bəzi suallara aydınlıq gətirdik. Təcrübəli mütəxəssis öncə AZAL-la oyun barəsində fikirlərini bölüşdü.

- AZAL-la onların Şüvəlandakı stadionunda qarşılaşdıq və oyun qolsuz bərabərliklə yekunlaşdı. Bu matçla hazırlığımızın ilk mərhələsini başa vurduq.

- Oyunda yeni transfer etdiyiniz Boliviya yığmasının sağ cinah müdafiəçisi Edemir Rodrigesə şans verdiz.
- Bəli. O, komandamıza yeni qoşulsa da, ilk oyunda pis təsir bağışlamadı. Rodrigesin çıxışından razı qaldığımı söyləyə bilərəm.

- "Bakı" iyunun 29-dək Sloveniyada hazırlıq keçəcək. Bəs sonra?
- İyunun 18-dən 29-a kimi Sloveniyada olacağıq. Üçüncü hazırlıq mərhələsini Avroliqadakı püşkün nəticəsinə - rəqibə və ilk oyunun hansı meydanda keçiriləcəyinə - uyğun müəyyənləşdirəcəyik.

- İyunun 22, 25-i və 28-də keçirilməyi nəzərdə tutulan yoxlama oyunlarda rəqiblərlə bağlı nə deyə bilərsiz?
- Polşanın "Legiya", Macarıstanın "Videoton" və Sloveniyanın "Mura" klubları ilə oyunlar planlaşdırılıb. Lakin rəqiblərlə bağlı hansısa dəyişikliyin olacağını istisna etmirik.

- Mövsümlərarası fasilədə 2 futbolçunu transfer etmisiz. Mətbuatda daha 2 əcnəbi oyunçu ilə anlaşmaq üzrə olduğunuzla bağlı xəbərlər yer alıb...
- Onların keçidlərini rəsmiləşdirəndən sonra adlarını açıqlayacağıq. Onu deyə bilərəm ki, biri qapıçı, digəri sol cinah müdafiəçisidi. Yeni legionerlərimiz müqavilələr imzalayandan sonra Sloveniyadakı təlim-məşq toplanışımıza qatılacaqlar.

- Transfer çalışmalarını idman direktorunuz Bojidar Bandoviç aparır, yoxsa rəhbərlik bu işi sizin öhdənizə buraxıb?
- Baş məşqçinin, yəni mənim istəmədiyim oyunçu komandada ola bilməz. Transfer işləri ilə məsləhətli şəkildə məşğul oluruq. Hamı komandanın uğuru üçün çalışır. Oyunçunu kimin təklif etməsi önəmli deyil. Əsas odu ki, alacağımız futbolçu komandanı gücləndirə bilsin.

- Yeni qapıçı axtarmağınız nə ilə bağlıdı? Axı, heyətdə Aqil Məmmədovla Marko Şarliya var.
- Bəli, bu mövqeyə futbolçu axtarırıq. Ancaq Aqil komandada qalacaq. Qapıçı axtarsaq da, Aqilə böyük inam var. Ona etimad göstərilir. Gördünüz ki, Məmmədov son oyunlarda əsas heyətdə yer aldı. Sözsüz ki, Avropada oynayacaq komandanın qapıçısı daha təcrübəli, yüksək səviyyədə olmalıdı. Şarliyanın gələcək taleyinə gəlincə, bunu yeni qapıçı alandan sonra demək olar. Şarliyanın bizimlə iyunun 30-a kimi müqaviləsi var. Yeni qapıçı alandan sonra deyə biləcəyik ki, onunla yollarımızı ayırırıq.

- Yeri gəlmişkən, baş məşqçi postunda Aleksandr Starkovu əvəzləyəndən sonra davamlı olaraq, Şarliyaya əsas heyətdə yer verirdiz və kapitan sarğısını ona həvala etmişdiz. Lakin XXVIII turda "Neftçi"yə məğlubiyyətdən sonra (1:2) onu bir daha heyətdə görmədik. Təsadüfi deyil ki, bundan sonra xorvatiyalı qapıçının oyun satdığı və bu səbəbdən onun "qələmini qırdığınızla" bağlı xəbərlər yayıldı.
- Bu, heç bir fakta əsaslanmayan qərəzli məlumatdı. "Bakı" klubunda heç vaxt belə hal ola bilməz.

- Bugünlərdə "Bakı"nın əvəzedici heyətinin baş məşqçisi Qəhrəman Əliyev sizin köməkçiniz təyin olundu. Bu, sizin istəyinizlə baş verdi, yoxsa rəhbərlik belə məsləhət gördü?
- Qəhrəman Əliyevlə bir-birimizi çoxdan tanıyırıq. Onun köməkçim təyin olunmasını özüm xahiş etmişəm. Çünki qabiliyyətinə bələdəm.

Sport Ekspress