Vaqif Sadıqov: Onların komandada qalmaq şansları yoxdur - MÜSAHİBƏ
18.06.2012 - 13:01
Vaqif Sadıqov: Onların komandada qalmaq şansları yoxdur - MÜSAHİBƏ
AZAL-ın baş məşqçisi Vaqif Sadıqovun apasport.az saytına müsahibəsi

- Seleksiya xarakterli təlim-məşq toplanışı necə keçdi?
- Səmərəli keçdiyini deyə bilərəm. Bunun nəticəsi olaraq bir futbolçu ilə müqavilə imzalamaq üzrəyik. Daha üç oyunçuya isə əsas komandada özlərini göstərmələrinə şərait yaratmışıq. Bizi tam qane etsələr, müqavilə imzalanacaq.

- Müqavilə imzaladığını futbolçu kimdir?
- Söhbət Ruslan Zubkovdan gedir. “Çernomorets” klubunun yetirməsi olsa da, son mövsümü Ukrayna çempionatının I dəstəsində çıxış edən “Odessa”nın heyətində keçirib. Yoldaşlıq oyununda onun çıxışından razı qaldım. Hiss olunur ki, məktəb keçib, futbol savadı var. Onun yaşının az olması da xeyrimizə işləyən amildir. Ruslanın komandamıza kömək edə biləcək gücdə olduğuna inanıram və onunla 2 illik müqavilə imzalayacağıq.

- Bəs əsas komandanın məşqlərinə qatılmasına şərait yaratdığınız digər 3 futbolçu haqda nə deyə bilərsiz?
- Biri Türkmənistan yığmasının üzvü Elman Taqayevdir. Digəri karyerasını Sloveniya klublarından birində davam etdirən gürcüstanlı futbolçu Nika Skaraziyadır. Şərait yaratdığımız oyunçulardan biri isə həmyerlimizdir. O, Almaniyada oynayan Etibar Şahmərdanovdur. Onlar haqda hazırlığın sonunda qərar veriləcək. Belə qərara gəldik ki, hər üç futbolçu əsas komandanın hazırlığına qatılsın. Nə dərəcədə uyğun olduqlarını onda biləcəyik. Hər şey həmin futbolçuların özlərindən asılı olacaq.

- “Bakı” ilə keçirdiyiniz yoldaşlıq oyununda komandanızın nümatiş etdirdiyi oyun sizi qane etdimi?
- Meydana iki heyət buraxmışdıq. Bu matç zamanı düşərgəmizdə olan bütün futbolçulara özlərini göstərmələrinə şərait yaratdıq. Ən təcrübəli futbolçudan tutmuş ən gənc hesab edilən 1995-ci il təvəllüdlü qapıçımıza qədər meydana buraxdım. Nəyə qadir olduqlarını ortaya qoydular.

- Seleksiya toplanışı sizi tam qane etdimi? Boşluqları doldura bildinizmi?
- Boşluqlar var. Bakıdakı 10 günlük toplanış zamanı baxış yeni oyunçular gələcək. Yerli və əcnəbilərin qatılacağı hazırlıq prosesində həmin boşluqları doldurmağa çalışacağıq. Onlar iyunun 20-dən Bakıya gələcəklər.

- Ad açıqlaya bilərsiz?
- Ancaq komandaya götürüldükdən və müqavilə imzalandıqdan sonra həmin futbolçular haqda məlumat verə bilərik. İndi tezdir.

- Bəlkə yerli futbolçuların kimliyinə aydınlıq gətirəsiniz?
- Yerli futbolçularla danışıqlar yekunlaşmaq üzrədir. İki mövqeni onlarla gücləndirəcəyik. Yaxın günlərdə açıqlama veriləcək.

- Növbəti planlar necədir?
- Komanda iyunu 20-dən 30-dək Bakıda toplanış keçirəcək. Burda olduğumuz müddətdə 2 yoldaşlıq oyunu keçirəcəyik. Hələlik rəqiblərin adları bilinmir. Amma güclü komandalarla qarşılaşmaq istəyirik. Rəqib tapılmasa, ikitərəfli oyunla kifayətlənəcəyik. İyulun 2-də isə komanda Türkiyəyə yola düşəcək. Orada olduğumuz müddətdə 4 oyunda gücümüzü sınayacağıq. Rəhbərlik sparrinq-rəqiblərin kimliyini dəqiqləşdirir.

- AZAL bir neçə futbolçusunu transferə çıxarıb. Onlarla bağlı sizə müraciət edən varmı?
- Hələ ki, həmin futbolçularla bağlı bizə müraciət edən olmayıb.

- Bəs yeni klub tapmasalar, AZAL-a dönmək şansları varmı?
- Onlar rəhbərliyin qərarı ilə komandadan kənarlaşdırılıblar. Buna görə də onların komandada qalmaq şansları yoxdur.