Roberto Alviz: Hakim məndən üzr istədi
06.07.2012 - 12:38
Roberto Alviz: Hakim məndən üzr istədi
“Xəzər Lənkəran” klubunun futbolçusu Roberto Alviz Avropa Liqasının I təsnifat mərhələsinin “Nomme Kalyu” ilə ilk oyunundan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb. Xorvatiyalı yarımmüdafiəçi müsahibəsində oyun və hakimlə bağlı maraqlı məqamlara toxunub.

- Çoxları “Xəzər Lənkəran”ın çətinlik çəkmədən qələbə qazanacağını düşünürdü. 2:2 hesabı ilə nəticələnən qarşılaşma barədə nə deyə bilərsiniz?
- Tribunaya toplaşan minlərlə azarkeş də gördü ki, biz rəqiblə müqayisədə daha yaxşı oynadıq. Çoxlu qol imkanlarımız oldu ki, bunlardan yalnız ikisindən yararlana bildik. Estonlar isə kobud səhvimizdən sonra fərqləndilər. Bu gün bizim günümüz deyildi. Bəxt bizdən üz döndərmişdi. Artıq rəqibi tanıyırıq, cavab matçında qələbə qazanacağımızı düşünürəm.

- Siz meydanda bir az ləng görünürdünüz. Komanda yoldaşlarınıza ötürmə verən anlarda gecikdiyiniz müşahidə olunurdu.
- Sizinlə razı deyiləm. Bilirsiniz necədir? Ötürməni tez verəndə də deyirlər ki tələsdi. Mən bu günkü qarşılaşmada yaxşı ötürmələr verdim. Əgər həmin ötürmələr qolla nəticələnsəydi, onda matçın ən yaxşı futbolçusu elə mən olardım.

- Tez-tez qarşılaşmanın baş hakimi Mitja Zganeclə dialoqa girirdiniz. Onun idarəçiliyindən razı qaldınız?
- Təbii ki, razı qalmadım. Hakim sloveniyalı idi və onunla ünsiyyət qurmaqda çətinlik çəkmirdim. Matçın 60-cı dəqiqələrində rəqib cərimə meydançasında mənə qarşı aşkar kobudluq etdi. Həmin epizodda hakim penalti verməli idi. Amma qəti qərar verməkdə tərəddüd etdi.

- Bəs siz həmin epizodda etiraz edəndə, hakim bunu nə ilə əsaslandırdı?
- Məndən üzr istədi. Dedi ki, penalti vermək istəyirmiş. Amma fikirləşənədək artıq gec idi. Həm də bildirdi ki, əgər bütün komanda etiraz etsəydi, fikirləşmədən 11 metrlik zərbə təyin edərdi.

- Özü də həmin vaxt “Xəzər Lənkəran” 2:1 hesabı ilə öndə idi...
- Bəli. Təsəvvür edin ki, penaltini dəqiq yerinə yetirsəydik artıq 2 top üstünlüyü ilə irəlidə idik. Amma hakimin kobud səhvi öz sözünü dedi.

- Etiraf edin ki, baş hakim sizə ikinci sarı vərəqə göstərib meydandan qova da bilərdi. Amma sloveniyalı hakim bunu etmədi.
- Həmin epizodda kobud oynadığımı düşünmürəm. Hakim əlini cibinə salanda etiraz edib dedim ki, axı mən topa oynamışam. Mənə kobud oynadığımı dedi və penalti epizodunu yadıma salıb dedi ki, məhz bu qayda pozuntusuna görə sarı vərəqəni mənə yox komanda yoldaşıma – Rahid Əmirquliyevə verəcək. Elə də etdi.

- İlk qarşılaşmadakı nəticəni uğurlu saymaq olmaz. Tallindəki matç barədə nə fikirləşirsiniz: Mərhələ keçmək mümkün olacaq?
- Yenə deyirəm, artıq rəqibi tanıyırıq. Oyunlarına bələdik. Biz “Nomme Kalyu” səddini keçmək gücündəyik.
0