Sakis Tsiolis: Biz də Bakıya qələbə üçün gəlmişik
18.07.2012 - 23:00
Sakis Tsiolis: Biz də Bakıya qələbə üçün gəlmişik
Yunanıstanın "Asteras" klubunun baş məşqçisi Sakis Tsiolis bu gün keçiriləcək Avropa Liqasının ikinci təsnifat mərhələsinin "İnter"lə oyunu öncəsi Bakıda jurnalistlərlə görüşüb. O, "bankirlər"lə qarşılaşma barədə öncə bunları dilə gətirib: "Bizi ağır oyun gözləyir. "İnter" güclü komandadı. Onlar güclü rəqiblərə qarşı oynamağı bacarırlar. Bakılılar həm də əla cinah hücumları qura bilirlər. Biz isə avrokuboklarda debütantıq. Bu yöndə heç bir təcrübəmiz yoxdu. Amma mümkün qədər yaxşı oynamağa çalışacağıq".

Yunan mütəxəssis Bakıya məğlub olmağa gəlmədiklərini deyib: "İnter" kifayət qədər sürətli komandadı. Amma biz də Bakıya qələbə üçün gəlmişik. Layiqli oyun sərgiləmək istəyirik. Fikrimcə, səfər matçında heç-heçə də pis nəticə olmazdı".

Tsiolis komandamızın heyətindən danışarkən əsasən bir futbolçunu fərqləndirib: "Rəqibin heyətində daha çox Slavko Georgievski xoşuma gəlir".

"Asteras"ın çalışdırıcısı "Dalğa Arena"nın ot örtüyündən də danışıb: "Bu, bizə problem yarada bilər. Çünki futbolçularımız süni örtükdə oynamağa o qədər də alışıq deyil. Bir itkimiz var. Müdafiəçi Xristos Pipenas Azərbaycana gələ bilmədi. Onun bizimlə yola çıxmasına hərbi xidmətlə bağlı yaranan problem səbəb oldu. Amma oyun saatına qədər Pipenasın da Bakıya gəlməsini gözləyirik. Sadəcə, onun oynayıb-oynamayacağı hələ dəqiq bilinmir".
0