“Mətbuatdan öyrəndim ki, guya zəhərlənmişəm”
10.08.2012 - 15:22
“Mətbuatdan öyrəndim ki, guya zəhərlənmişəm”
“AZAL-la müqaviləm 2 illik idi. Buna uyğun olaraq, orada daha 1 mövsüm çıxış etməli idim. Ancaq komandanı yeni məşqçi qəbul etdi və təxminən 11-12 futbolçunu dəyişdi. Yəni praktiki olaraq, yeni komanda yaratdı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri AZAL-ın moldovalı sabiq futbolçusu Georgi Boqyu deyib.

Ötən mövsümü ölkəmizdə keçirən təcrübəli hücumçu çempionat bitəndən sonra yeni baş məşqçi Vaqif Sadıqova lazım olmadı. Bundan sonra vətəninə qayıtmalı olan Boqyu yerli “Milsami”nin heyətində Avroliqanın iştirakçısı olub.

İstənilən halda, Georgi Azərbaycanda 1 illik çıxışını uğurlu sayır: “AZAL-da futbol ili mənim üçün uğurlu alındı. Mən praktiki olaraq hər oyunda qol vururdum. Ancaq komandada rəqabət sərt idi. Komandada bir hücumçu var idi ki, o, obyektiv desək, məndən güclü idi. Mövsümün yarısını mən, digər yarısını o, oynadı. Ancaq məni daha çox əsəbiləşdirən bu, olmadı. Klub mövsümdə 4 baş məşqçi dəyişdi ki, bu da çıxışımıza heç də yaxşı təsir göstərmədi. Çempionatın sonuna görə 7-ci olduq. Hərçənd ilkin vəzifə “altılığ”a düşmək idi. Hər mütəxəssis öz ideyaları, taktikaları ilə gəlirdi və bizə istədiyimiz oyunu göstərmək heç cür alınmırdı”.

Boqyunun Moldova mətbuatına müsahibəsində onunla bağlı mediamızda gəzən şayiələrə də toxunulub. Belə ki, legioner çempionat oyunlarının birindən öncə mətbuatdan zəhərləndiyinə görə ağır vəziyyətdə olduğunu öyrənib. Futbolçu isə həmin vaxt tam sağlam olduğundan, bu faktı qəribə sayır: “Bu, yalnız şayiələrdir. Yazılanların heç bir həqiqətəuyğun deyil. Mən özüm mətbuatdan öyrəndim ki, guya zəhərlənmişəm. Əsas odur ki, orada yalnız mənim yox, xəsarət alan bir sıra futbolçuların adları çəkilib. Ola bilər ki, bu xəbər rəqibi azdırmaq məqsədi daşıyıb. Xoşbəxtlikdən bu, mətbuatda özüm haqda əsassız informasiyanı oxuduğum ilk və son dəfədir. Ümumiyyətlə, mətbuat nümayəndələri ilə yaxşı münasibətlərdəyəm və şərhlərə həmişə açığam”.

Qeyd edək ki, ölkəmizə gələnədək Moldova çempionatının bombardiri olan Georgi Premyer Liqamızda 27 oyunda 5, onu əsas heyətdən kənarlaşdıran hücumçu kimi nəzərdə tutduğu polşalı həmkarı Tales Şütz 22 matçda 10 qol vurub.