“Transferin baş tutmamağı maddi problemlə bağlıdır” - MÜSAHİBƏ
11.08.2012 - 15:00
“Transferin baş tutmamağı maddi problemlə bağlıdır” - MÜSAHİBƏ
“Qarabağ” klubunun hücumçusu Rauf Əliyevin apasport.az saytına müsahibəsi

- Bu gün Premyer Liqanın II turu çərçivəsində “Neftçi” ilə qarşılaşacaqsınız. Son çempionla oyuna tam hazırsınız?
- Çətin olacaq. Bu həftə sırf bu qarşılaşmaya hazırlaşmışıq. Bir gün əvvəl dedilər oyun olmayacaq, sonra da qərarı dəyişdilər. Fikrimcə, komanda qarşılaşmaya hazırdır. Əlbəttə, ancaq qələbə qazanmaq istəyirik. Çünki birinci turda heç-heçə etmişik.

- Çempionlar Liqasında mübarizə apardığı üçün “Neftçi”də yorğunluq hiss oluna bilərmi?
- Yorğunluq deyəndə, inanmıram ki, bu hal yaşansın. “İnter” haqda da belə deyirdilər. Amma bizimlə oyunda onlar ikinci hissədə daha yaxşı çıxış edirdilər. Bu baxımdan “Neftçi”də də yorğunluq hiss olunmayacaq.

- Rəqib bir neçə futbolçusunu transferə çıxarıb ki, onlar arxa xətt oyunçuları və qapıçıdır. Bunu “Qarabağ”ın xeyrinə saymaq olarmı?
- Bəli, bundan məlumatlıyıq. Amma onların geniş heyətləri var. Transferə çıxarılanların yerini doldurmaq çətin olmayacaq.

- “İnter”lə oyunda fiziki baxımdan rəqibdən geri qalırdınız. İndi vəziyyət necədir?
- İlk turlar həmişə çətin keçir. Gücündən tam istifadə edə bilmirsən. Birinci oyunda belə olur. Tədricən tam formaya düşəcəyik. Düşünürəm ki, “Neftçi” ilə görüşdə bu problem olmayacaq.

- “Neftçi”də xüsusilə hansı xəttin çıxışını qabardardınız?
- Hücum xətti yaxşı formadadır. Julius Vobay, Flavinyo, Rəşad Sadiqov kimi güclü oyunçuları var. Hamısı təhlükəlidirlər. Hər biri oyunu üzərinə götürə biləcək futbolçudur.

- Son günlərdə yenidən “Göztəpə”yə keçəcəyinlə bağlı xəbərlər yayılıb. Danışıqlar nə yerdədir?
- Söz-söhbət hər zaman olur. Mətbuat bu tipli yazılara yer ayırır. Bunu normal qarşılamaq lazımdır. Hələ “Qarabağ”ın oyunçusuyam.

- Hər halda, od olmayan yerdən tüstü çıxmaz...
- Danışıq olmuşdu, amma tam reallaşmadı.

- Reallaşmamaq nə ilə bağlı idi?
- Bu haqda çox danışmaq istəmirəm. Transferin baş tutmaması daha çox maddi problemlə bağlı olur.

- Qarşıdan millinin Bəhreynlə oyunu gəlir. Rəsmi oyunlar öncəsi qarşılaşacağımız Asiya təmsilçisi haqda nə düşünürsüz?
- Yığma uzun müddətdir bir araya gəlmir. Seçmə mərhələsi öncəsi son yoldaşlıq oyunumuzda qələbə qazanmağımız yaxşı olardı. Çünki rəsmi oyunlara qalib əhval-ruhiyyədə başlayardıq.

- Komanda yoldaşınız Vaqif Cavadov da artıq bağışlanaraq yığmaya dəvət edildi. Onun dönüşü hücumda rəqabət yarada bilərmi?
- Vaqifin adına sevindim. Komandaya xeyir verəcək. O da çalışacaq ki, dönüşü yaxşı alınsın.