“Cari mövsümdə çox sürprizlər var” - MÜSAHİBƏ
16.10.2012 - 12:21
“Cari mövsümdə çox sürprizlər var” - MÜSAHİBƏ
“İnter”in yarımmüdafiəçisi Samir Zərgərov klubun saytına müsahibə verib. Aapsport.az saytının məlumatına görə, futbolçu Topaz Premyer Liqasındakı mübarizə, qarşıdakı oyunlar və DÇ-2014-ün seçmə mərhələsində bu gün keçiriləcək Rusiya – Azərbaycan oyunu haqda danışıb.

- 8 tur artıq arxada qalıb. Mövsümün startını necə qiymətləndirirsiniz?
- Deyə bilərəm ki, çempionat çox maraqlı keçir. Cari mövsümdə çox sürprizlər var, bəzi komandaların yaxşı çıxış etməsi əsl sürpriz oldu. Biz mövsümə pis başlamadıq və son 4 qarşılaşmanın 3-də 100 faizlik nəticə əldə etməyi bacardıq. İnşallah, uğurlu seriyanı davam etdirərik. Məqsədimiz çempionluqdur.

- Sürpriz komandalardan bəhs etdiniz. Deyə bilərsiniz, çempionatda “İnter”in əsas rəqibləri hansı komandalardır?
- Bilirsiniz, əgər ötən il çempionatda 7-8 güclü komanda vardısa, indi onların sayı kəskin artıb. Premyer Liqada zəif komanda qalmayıb. Meydana çıxan zaman rəqibdən daha çox qaçmalıyıq, mütləq çalışmalıyıq, əks təqdirdə xal itirə bilərik. Yəni demək istəyirəm ki, qələbə üçün hər oyunda tam gücümüzü ortaya qoymalıyıq.

- Növbəti turda “İnter”i çempionatın hazırkı lideri “Simurq”la matç gözləyir. Qarşıdakı oyun barədə və rəqib komanda haqqında nə deyə bilərsiniz?
- Etiraf edim ki, bu mövsüm mən “Simurq”un oyununa baxmamışam, lakin turnir cədvəlində 1-ci yerdə olduğunu nəzərə alsaq, belə demək olar ki, rəqib çox yaxşı komandadır. Bu komandanın sükanı arxasında ötən mövsüm birlikdə çalışdığımız Giorgi Çixradze dayanır. O, çox yaxşı insan və məşqçidir. Bir sözlə, bizi çox çətin matç gözləyir.

- Bu mövsüm ötən mövsümlə müqayisədə meydana daha az çıxırsınız. Yəqin əsas heyətdəki itirdiyiniz yeri qaytarmaq istəyirsiniz?
- Təbii ki, hər bir futbolçu əsas heyətdə oynamaq istəyir. “İnter”də hər futbolçuya şans verilir. Əgər məşqçi əsas heyətdə oynamağı mənə etibar edərsə, o zaman böyük arzu ilə mənə göstərilən etimadı doğrultmağa çalışaram.

- Bu mövsümdə komandada rəqabət hissediləcək dərəcədə güclənib. “İnter”ə bir çox yaxşı futbolçu gəlib. Yeni futbolçular haqqında nə deyə bilərsiniz?
- Siyahını yaxşı futbolçular tamamlayıblar. Onlar çempionluq yolunda komandaya kömək etməlidirlər.

- Bu gün DÇ-2014 seçmə turniri çərçivəsində Azərbaycan səfərdə Rusiya milli komandasına qarşı oynayacaq. Bu matçla bağlı proqnozlarınız necədir?
- İstərdim ki, komandamız vətənə müsbət nəticə ilə qayıtsın. Bu matç Azərbaycan futbolunun tərəqqisini bir daha təsdiqləyə bilər. Unutmamaq lazımdır ki, bizi hissediləcək dərəcədə üstələyən milli komandayla oynayırıq. Odur ki, bu oyunda hətta məğlubiyyət faciə kimi qiymətləndirilməməlidir.