Bandoviç Nəbiyevi kapitanlığa layiq sayır
19.01.2013 - 23:37
Bandoviç Nəbiyevi kapitanlığa layiq sayır
"Aqil Nəbiyevin kapitanlıq sarğısını daşımağını istədik. Bu, yalnız bir yoldaşlıq görüşü idi. Gələcəkdə kimin kapitan olmağı haqda fikirləşəcəyik”. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, bu fikirləri “Bakı”nın baş məşqçisi Bojidar Bandoviç deyib. Müdafiəçi Cəmşid Məhərrəmov komandadan kənarlaşdırıldıqdan sonra kapitan sarğısı Elvin Məmmədova etibar olundu.

Yarımmüdafiəçi Antalyada ilk yoxlama oyununda – Bolqarıstanın “Eter” klubu ilə 1:1 hesabı ilə nəticələnən bugünkü matçda fasilədə əvəzləndikdən sonra sarğını yeni transfer Aqil Nəbiyev daşıdı. 6 il oynadığı AZAL-da belə təcrübəyə malik müdafiəçi yeni komandasında ən azı vitse-kapitan olacağı gözləniləndir.

Bandoviç Nəbiyevdə liderlik keyfiyyətlərini görür: “Aqil təcrübəli futbolçudur. Kapitana lazım olan xarakter onda var. Məncə, komandamıza faydalı olacaq. Ancaq hansı transferin daha yaxşı olduğunu indidən demək olmaz. Futbolçu götürürsən, elə bilirsən ki, yüz faiz sənə kömək edəcək. Ancaq görürsən ki, belə deyilmiş”.

Mehman SÜLEYMANOV
ANTALYA