“Kamran Ağayevlə rəqabətdən çəkinmirəm”
21.01.2013 - 16:25
“Kamran Ağayevlə rəqabətdən çəkinmirəm”
“Bakı”nın makedoniyalı qapıçısı Edin Nurəddinoskinin apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsi

- Ötən ilin son oyunu olan “İnter”lə matçda rəqiblə toqquşmadan sonra başınızdan ciddi zədə aldınız. Hazırda özünüzü necə hiss edirsiniz?
- İndi hər şey qaydasındadır. Həkimlərin məsləhətinə əsasən belə zədədən sonra 2 həftə yaxşı dincəldim. Allaha şükür ki, zədəm daha ciddi olmadı. Hazırda normal məşq edirəm və maneçilik baxımından heç bir problem görmürəm.

- Huşunuzu itirirək, dərhal xəstənaxana aparıldınız. Özünüzə gələndə, nə baş verdiyinin fərqində oldunuz?
- Yox. Həmin anda zərbədən sonra beyin silkələnməsi oldu. Gözlərimi açanda xəstəxanada olduğumu gördüm. Nə baş verdiyini xatırlamıram. 4-5 saat huşumuşu itirmişdim.

- Maraqlıdır, karyeranızda belə ciddi zədə olmuşdu?
- Bəli. Onda da belə zədə almışdım, ancaq daha ciddi idi. Həmin vaxt 18 yaşım vardı. İlk klubum, yetirməsi olduğum “Vardar”da oynayırdım. İtaliyada beynəlxalq turnirdə beynim silkələndi. 3-4 gün yataqdan qalxa bilmirdim.

- Bolqarıstanın “Eter” klubu ilə yoxlama oyunuzda da rəqiblə toqquşsanız da, tez ayağa qalxdınız. Yenidən belə zədə almaqdan çəkinmirsiniz?
- Yox. Mən mübarizədən çəkinmirəm. Artıq belə zədələlərə öyrəşmişəm və buna normal yanaşıram. İşimiz budur. Həmin anda düşünə bilməzsən ki, nə olacaq, nə yox. Sadəcə, irəli gedirsən, vəssalam.

- Artıq yarım ildir ölkəmizdə oynayırsınız. “Bakı”, Azərbaycan haqda təəssürarınız necədir?
- Yaxşı. Burada hər şey xoşuma gəldi. Sadəcə,”Bakı”nın nəticəsinin yaxşı olmağını istərdim. Bununla da komandada atmosfer daha gözəl olsun. Ancaq buna tez nail olmaq asan deyil. Hər şey nəticəyə bağlıdır ki, bundan sonra vəziyyət qaydasına düşəcək. Futbolda hər şeyi nəticə diqtə edir. Nəticə olanda, hər şey tam başqa cür olur.

- Nəticəni qazanmağınız üçün nə etməlisiniz? Problem nədir?
- Problemimiz yoxdur. Sadəcə, yaxşı işləyib, ardıcıl qələbələr qazanmağa başlamalısan. Başqa heç nə lazım deyil.

- Bu mövsümdə real olaraq nəyə ümid edə bilərsiniz?
- İndi elə vəziyyətə gəlmişik ki, qalan 5 oyunumuz hər şeyi həll edir. Allah eləməsin, “altılığ”a düşə bilməsək, bu, ümumi komanda üçün pis olacaq. Fikrimcə, “Bakı” heyətinə, səviyyəsinə, rəhbərliyinin diqqətinə görə “altılıq”da olmağa layiqdir və buna nail ola biləcəyik. Ancaq hər şey zəngir kimi bir-birinə bağlıdır və qırılma olmasa, heç bir problemimiz olmayacaq.

- “Bakı” millimizin əsas qapıçısı Kamran Ağayevi heyətinə cəlb edib. Həmkarına necə qiymət verərdiniz?
- Mən onun oyununu görməmişəm. Çünki mən gəldiyim bu mövsümdə Kamran meydana çıxmayıb. Sadəcə, bilirəm ki, yığmada oynayır. Deməli, səviyyəli qapıçıdır.

- Kamranın millimizin heyətində televiziyadan izləmisiniz?
- Bəli. Ancaq bu, cəmi 1 oyun olduğundan, azdır. Hər bir futbolçuya qiymət vermək üçün gərək 10 oyununa baxsın. Kamran yaxşı qapıçıdır ki, daim millidə əsas heyətdə oynayır.

- Ağayev Azərbaycanda uzun müddətdir ən yaxşı qapıçı sayılır...
- Deməli, bunu qazanaraq, ən yaxşı olmağa layiqdir. Heç kim bu adı ona verməyib, özü bunu qazanıb.

- İndi sizi millimizin “1 nömrə”si ilə ciddi rəqabət gözləyir. Bundan çəkinmirsiniz?
- Yox. Sağlam rəqabət həmişə komanda üçün yaxşıdır. Mən bunda heç bir problem görmürəm. Kamranla rəqabətdən komanda üçün yalnız yaxşı ola bilər.

- Ancaq onu da nəzərə alaq ki, Ağayev uzun müddətdir oynamadığından, formaya düşməlidir. Bu isə sizə əsas heyətdə çıxışınızı davam etdirmək baxımından sizə üstünlük verir...
- Buna yalnız baş məşqçi qərar verir. Mən yalnız öz işimə baxıram, başqa heç nə məni maraqlandırır. Əlbəttə, Kamranla rəqabətə hazıram. Mən təkcə onunla yox, digər qapışımız Aqil Məmmədovla da rəqabətin olacağını görürəm. Çünki o, gənc olsa da, çox yaxşı qapıçıdır. Öz üzərində ciddi çalışır. Aqil komandanın gələcək perspektividir. Fikrimcə, hər iki azərbaycanlı qapıçı ilə rəqabət aparacağam.

- Ehtiyata düşməli olsanız, gələcək karyeranız haqda düşünəcəksiniz?
- Mən bu haqda ümumiyyətlə, düşünmək istəmirəm. Futbolda əsas heyətdən ehtiyata düşmək normal haldır. Uzun illərdir Madrid “Real”ın əsas qapıçısı olan İker Kasilyas ehtiyatda düşüb. Bəs o, nə deməlidir?

Mehman SÜLEYMANOV
ANTALYA