6 xallıq faydasız qələbə
08.02.2013 - 16:43
6 xallıq faydasız qələbə
FİFA-nın fevralın 14-də açıqlayacağı milli komandaların reytinq siyahısı artıq müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 209 yığmanın yer aldığı cədvəlin ilk 3 pilləsində dəyişiklik olmayıb. İlk “üçlük”də müvafiq olaraq, İspaniya (1590), Almaniya (1437) və Argentina (1281) qərarlaşıb.

Azərbaycan millisi son 1 ayda keçirdiyi 2 yoldaşlıq oyunundan yalnız biri – Lixtenşteyn üzərində 1:0 hesablı qələbənin də əksini tapdığı siyahıda 118-ci pillədədir. Ötən ay açıqlanan reytinqlə müqayisədə 6 xal qazanıb, hesabını 283-ə çatdıran yığmamızın mövqeyi dəyişməz qalıb.

Millimizin DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərindən Portuqaliya (1129 xal) 1 pillə irəliləyib - 6-cı yer. Rusiya (1055 xal) isə əksinə, 1 pillə geriləməklə 11-ci yerə enib. 10 addımlıq sıçrayış edən İsrail 495 xalla 66-cıdır. Şimali İrlandiya (354) 4 pillə geriləyərək, 102-ci pilləyə düşüb. Lüksemburq (174) yığması isə 148-ci yerdə qalıb.