Bandoviçin siftəsi
13.02.2013 - 17:13
Bandoviçin siftəsi
Bojidar Bandoviç “Bakı”nın baş məşqçisi postunda ilk böyük hesablı qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, bu, “zolaqlılar”ın Topaz Premyer Liqasının XVI turundan təxirə salınan “Turan”la 4:0 hesablı qələbə qazandıqları oyunda gerçəkləşib. Serbiyalı mütəxəssis debüt mövsümünü keçirdiyi ölkəmizdə kuboku da nəzərə alsaq, qazandığı 4 qələbə böyük hesabla olmamışdı.

“Zolaqlılar” isə sonuncu böyük hesablı qələbəsini ötən mövsüm “altılıq”da II dövrənin startında qazanmışdı. Maraqlıdır ki, onda da “Bakı” buna vurduğu 4 qolla nail olmuşdu. Ancaq fərq ondadır ki, bakılılar 2012-ci ilin aprelin 14-də keçirilən həmin ev matçında “Xəzər Lənkəran”ı 4:1 hesabı ilə məğlub etmişdi. Həmin oyunda qollardan birini vuran “Bakı”nın legioneri Aleksandr Şoliç “Turan”la bugünkü oyunda da fərqlənib. “Zolaqlılar” isə 305 gündən sonra böyük hesabla qalib gəlib.

Qeyd edək ki, “Turan” stadionunda yenidənqurma işlərinə görə cari mövsümün sonuna kimi rəqiblərini paytaxtda “Dalğa Arena”da qəbul etdiyindən, “Bakı” ilə oyunda nominal meydan sahibi idi.