“Komandamla bu qələbədən böyük zövq aldım”
14.02.2013 - 09:57
“Komandamla bu qələbədən böyük zövq aldım”
“Bu qələbə turnirin qalibi olmaq yolunda bir addımdır. Mən komandamla bu qələbədən böyük zövq aldım”. Apasport.az saytının məlumatına görə, bunu İtaliyanın “Yamamay” klubunun baş məşqçisi Karlo Parizi deyib.

Təcrübəli mütəxəssis Çempionlar Liqasının 1/3 finalında “Azərreyl”ə “Qızıl set”də qalib gəlmələrinə münasibət bildirib. Onun sözlərinə görə, yetirmələri əsl fədakarlıq göstəriblər: “Busto Arsizoda qazandığımız qələbədən sonra Bakıda ilk 3 setin bizim üçün çətin olacağını bilirdik. Düşünürdük ki, “Azərreyl” bütün gücünü birləşdirib matçı “Qızıl set”ə daşımaq istəyəcək. Bu belə də oldu. Lakin biz sonda daha ürəklə oynayaraq, lazımı seti qazana bildik. Məğlubiyyətin ardınca ruhdan düşmədik, “Qızıl set”ə əla start verdik. Bu zaman rəqibə təzyiq göstərdik və başa düşürdük ki, qələbə qazanmaq gücündəyik”.

Qeyd edək ki, evdə 3:2 hesabı ilə qalib gələn “Yamamay” Bakıda 0:3 hesabı ilə uduzsa da, “Qızıl set” hesabına “Dördlər finalı”na yüksəlib.