Lənkəranda sensasiya olsa...
15.02.2013 - 13:40
Lənkəranda sensasiya olsa...
Topaz Premyer Liqasının XX turunda daha 2 komanda ilk “altılığ”a vəsiqə qazana bilər. Apasport.az saytının məlumatına görə, “İnter”, “Simurq” və “Neftçi”nin ardından əyalət təmsilçiləri “Qarabağ”la “Qəbələ” də 6 ən güclü sırasına qoşulmaq şansına malikdir.

Bu 2 komanda final mərhələsinə düşmək üçün qarşıdakı oyunlara kökləniblər. “Qarabağ” “Sumqayıt”la evdə, “Qəbələ” isə “İnter”lə səfər matçında həmin vəzifənin öhdəsindən gəlməyə çalışacaq.

Ağdam təmsilçisinin işi daha asandı. Nisbətən zəif rəqiblə evdə görüşməklə yanaşı, “Qarabağ”ın turnur cədvəlindəki durumu da daha yaxşıdır. Qurban Qurbanovun yetirmələrinin taleyi öz əlindədir. Onlar uduzmamaqla, “altılığ”ın 4-cü komandası olacaq.

Lakin “Qarabağ” uduzsalar belə, vəsiqəni əldə edə bilər. Bunun üçün 2 şərtdən biri gerçəkləşməlidir. “Xəzər Lənkəran” “Turan”la ev oyununda qalib gəlməsə, ya da “Bakı” – AZAL dueli heç-heçə bitsə, ağdamlılar “altılıq”da qalacaq.

“Qəbələ”nin işi isə daha çətindi. “Qarabağ”dan fərqli, bu komandaya nə heç-heçə, nə də məğlubiyyət sərf edir. Çempionatın liderini məğlub edəcəyi halda da “Qəbələ” “altılığ” vəsiqəni təmin edə bilmir. Bunun üçün digər 2 qarşılaşmanın nəticəsi vacibdir.

“Qəbələ” qalib gələcəyi halda, “Qarabağ”ın uduzduğu durumda ümid edəcəyi nəticələrə bel bağlayacaq. “Xəzər Lənkəran” “Turan”la ev oyununda qalib gəlməməli, ya da “Bakı” – AZAL dueli heç-heçə bitməlidir ki, qəbələlilər istəyinə çatsınlar.

Qeyd edək ki, XX turda daha 2 klubun “altılıq” şansları bitə bilər. “Kəpəz”in ardınca “Turan” və “Rəvan” bu taleyi yaşamağa yaxındır.