“Mövsümün sonuna qədər “Yuventus”da qalacağam”
09.03.2013 - 21:19
“Mövsümün sonuna qədər “Yuventus”da qalacağam”
İtaliya A seriyasının lideri “Yuventus”un baş məşqçisi Antonio Konte mövsümün sonunda klubdan ayrılacağı ilə bağlı gündəmə gələn xəbərlərə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, “Qoca Sinyora” ilə sonuncu dəfə çempionluq sevinci yaşayan təcrübəli çalışdırıcı bu iddiaları təkzib edib.

O, mövsüm sonuna qədər Turin klubunu tərk etməyəcəyini bildirib: “Mövsümün sonuna qədər “Yuventus”da qalacağam. Avropanın nəhəng klublarının mənimlə maraqlanması əlbəttə qürürvericidir. Amma bunu da ifadə edim ki, bu yalnız mənə aid olan bir uğur deyil. Futbolçular və texniki heyət də gəldiyimiz yerdə mənim qədər pay sahibi olublar”.

“Yuventus”dan daha yaxşı bir komandaya getmək istəyib-istəməməsi ilə bağlı sualı isə Konte belə cavab verib: “Klubda yaxşı bir nəticə əldə etdik və bununla qürur duyuram. Komandamla aramda heç bir problem yoxdur. Əgər işlər bu şəkildə davam etsə, gələcəkdə də hər hansı bir çətinlik yaşayacağımızı düşünmürəm. Zirvədə olan bir komandaya getmək istəyirəmmi? Onsuz da elə bir klubun baş məşqçisiyəm”.