Vaqif Cavadov: Bu, millimizə mənfi təsir göstərməyəcək
14.03.2013 - 12:31
Vaqif Cavadov: Bu, millimizə mənfi təsir göstərməyəcək
“Millidə hazırlığımız yaxşı gedir. Lüksemburqa qələbə dalınca yollanacağıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov deyib.

Hücumçunun çıxış etdiyi “Qarabağ”ın futbolçuları Topaz Premyer Liqasının son turunda “Simurq”a uduzduqlarından, milliyə üzgün gəldilər. Üstəlik, Ağdam klubunun futbolçuları yığmada aparıcı oyunçular olduğundan, ruh düşkünlüyünün mənfi təsiri ola bilər.

Ancaq Vaqif belə düşünməyərək, narahatçılığa əsas görmür: “Düzdür, millidə bəziləri yaxşı-əhval ruhiyyədədir, bəziləri isə klublarında son oyunda uduzduqlarına görə üzgündür. Biz də məğlub olduğumuzdan, “Qarabağ”ın futbolçuları bu sıradadır. Məğlubiyyətdən sonra çox vaxt keçməyib. Ancaq bunun yığmaya təsiri olmayacaq. Çünki biz artıq millinin düşərgəsindəyik və bütün fikrimizi qarşıdakı rəsmi oyunlara yönəltmişik. Bizi səfərdə çətin oyun gözləyirik və buna hazırlaşırıq”.

Qeyd edək ki, millimiz bu il yeganə qolunun müəllifi olan Cavadov Lixtenşteyn yığması ilə Dubaydakı yoldaşlıq görüşündə penaltidən fərqlənməklə, ona qələbə qazandırıb.

Mehman SÜLEYMANOV