Con Toşak Bakıda!
16.03.2013 - 17:37
Con Toşak Bakıda!
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşakın Azərbaycana gəlib. Apasport.az saytının xəbərinə görə, dünyanın tanınmış məşqçilərindən olan uelsli mütəxəssis bu gün Bakıya təşrif buyurub.

Dünyanın bir çox məşhur komandasında, o cümlədən, İspaniya “Real”ında çalışmış məşhur məşqçi saat 17:00-da Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanıb. “Xəzər Lənkəran” klubunun nümayəndələri, KİV təmsilçiləri ilə yanaşı Azərbaycanda ən böyük azarkeş ordusu olan “ağ-yaşllar”ın fanatlarından bir qrupu böyük britaniyalının qarşılanma mərasimində iştirak edib. Azarkeşlər Azərbaycan futbolu tarixində hər hansı kluba təyinat alan ən adlı-sanlı məşqçini böyük coşqu ilə qarşılayıb və ona gül dəstəsi təqdim ediblər.

Toşak ölkəmizə gəldikdən sonrakı ilk təəssüratlarını media nümayəndələrinə açıqlayıb: “Bu mənim Azərbaycana 3-cü səfərimdir. 2 dəfə yığma ilə gəlmişəm, indi də kluba. Hər dəfə də Bakıda yaxşı qarşılanmışam. “Xəzər Lənkəran”ın təklifi mənim üçün maraqlı oldu. Bu, mənim üçün yeni çağırışdır. Ailəmdən, yaxınlarımdan uzaqda olsam da Azərbaycanda yaxşı günlər keçirəcəyimə ümid edirəm. “Xəzər Lənkəran”dakı fəaliyyətimin karyeramda maraqlı səhifə olacağına inanıram. Klubun indiki turnir cədvəlində vəziyyətində xəbərim var. Komanda yaxşı yerdə deyil. Lakin çalışıb yaxşı nəticələr, uğurlar qazana bilərik”.

Qeyd edək ki, Toşakın Lənkəran təmsilçisinin baş məşqçi postuna təyinatı martın 8-də açıqlanmışdı. Martın 17-də isə Toşakın təqdimetmə mərasimi və mətbuat konfransı keçiriləcək. Tədbir saat 12:00-da “Hillton” otelinin “Ametist ABC” zalında baş tutacaq.