Süleymanovlar “Qəbələ”ni finala çıxardı
17.03.2013 - 10:10
Süleymanovlar “Qəbələ”ni finala çıxardı
Moldovanın Tiraspol şəhərində 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında keçirilən beynəlxalq turnirdə çıxışını uğurla davam etdirən "Qəbələ" yarımfinal oyununa çıxıb. Apasport.az saytınının klubun rəsmi saytına istinadən məlumatına görə, qəbələlilər turnirə ev sahibliyi edən "Şerif"li həmyaşıdları ilə oyunda qələbə seriyasını davam etdirərək finala adlayıb.

Matç"Qəbələ"nin sürətli hücumları ilə start götürüb. Bütün xətlərdə üstünlüyü ələ keçirən Hüseynqulu Quliyevin yetirmələri artıq 3-cü dəqiqədə hesabı açıblar. Coşqun Süleymanov əlinə düşən şansdan maksimum yararlanıb - 1:0. Hücumlarını səngitməyən komandamız 8 dəqiqə sonra meydan sahiblərini bir daha mərkəzə dəvət edib. Süleymanov dublunu rəsmiləşdirib - 2:0. İlk hissənin qalan dəqiqələrində təmsilçimiz rəqibin qapısı önündə bir neçə əlverişli vəziyyət yaratsa da, komandalar fasiləyə 2:0 hesabilə yollanıblar.

Fasilədən sonra da ssenarı dəyişməyib. "Şerif"i ardıcıl olaraq bir neçə epizodda əks-hücumda yaxalayan "Qəbələ" hesabı artırmağa yaxın olsa da, hissənin ilk 25 dəqiqəsində fərq dəyişməyib. Matçın 60-cı dəqiqəsi də yaddaqalan alınıb. Oyunun hakimi “Qəbələ”nin penalti təyin etsə də, qapışı Süleyman Süleymanov gözəl reaksiya ilə topa keçid verməyib. 2 dəqiqə sonra isə "Şerif" yenidən cəzalandırılıb. Fərid Nəbiyev dəqiq zərbə ilə hesabı 3:0 çatdırıb və matçın nəticəsini müəyyənləşdirib. Bununla da komandamız ardıcıl 4-cü matçında da qalib gələrək finala vəsiqə qazanıb.

Qeyd edək ki, "Qəbələ" bu gün finalda Uşaq Gənclər İdman Məktəbi (Ukrayna) ilə münasibətlərinə aydınlıq gətirəcək. Komandamız rəqiblə artıq qrup mərhələsində üz-üzə gələrək, dramatik matçda 2:1 hesablı qələbə qazanmışdı.