“Kontra mənə dedi ki, meydana çıxsam, 1 ay oynamaya bilərəm” - MÜSAHİBƏ
18.03.2013 - 12:51
“Kontra mənə dedi ki, meydana çıxsam, 1 ay oynamaya bilərəm” - MÜSAHİBƏ
Azərbaycan milli komandasının və “Petrolul”un futbolçusu Elhad Nəzirinin apasport.az saytına müsahibəsi

- Lüksemburq və Portuqaliya ilə oyunlardan nə gözləyirsiz?
- İnşallah, Lüksemburqa qalib gəlməyə gedirik. Hamı bilir ki, Portuqaliya isə güclü komandadır. Əlimizdən gələni edəcəyik ki, heç olmasa 1 xal qazanaq.

- Lüksemburqla oyunda heç-heçə qeydə alınsa, faciə olmayacaq ki? Bu, Portuqaliya ilə oyuna təsir etməyəcək ki?
- Faciə deyəndə ki, bu, futboldur. İstənilən komandanı uda da, istənilən komandaya uduza da bilərsən. Amma biz çalışacağıq ki, Lüksemburqa qalib gələk. Çünki onlarla aramızda xal fərqi o qədər də çox deyil. Ən azından Lüksemburqla turnir cədvəlindəki xal fərqini artırmaq üçün qalib gəlməliyik.

- “Petrolul”da hələ debüt etməmisiz. Heç “18-liy”ə düşmürsüz. Bunun səbəbi nədir?
- İlk əvvəllər “Petrolul”da adımın protokola düşməməsinin səbəbi Rumıniya Futbol Federasiyasındakı iştirak ərizəsində problemimin olması ilə bağlı idi. Ondan sonra bu problem həll olundu. Ancaq iki tur öncə “Rapid”lə oyun qabağı xəstələndim, bir az soyuqdəyməm vardı. “Dinamo” ilə son turun matçı öncəsi isə yüngül zədə aldım. Baş məşqçi Kosmin Kontra da mənə dedi ki, oyuna çıxsam, ən azı bir ay meydandan kənar qala bilərəm. Bu sözü klubun həkimləri də mənə dedi. Ona görə də milli komanda üzvü olduğumu nəzərə alıb adımı “18-liy”ə salmadılar.

- İndi zədəniz sağalıb?
- Hə, hər şey yaxşıdır. Milliyə hazır qaydada gəlmişəm.

- Hansı nahiyədən zədələnmişdiz ki?
- Diz nahiyəsinin bir az yuxarısından.

Səbuhi TOFİQOĞLU