“Turan”lı futbolçular “Qarabağ”la oyunu boykot edir
18.03.2013 - 18:01
“Turan”lı futbolçular “Qarabağ”la oyunu boykot edir
“Turan”da maliyyə böhranı özünü kəskin həddə çatdırıb. Apasport.az saytının məlumatına görə, tovuzlu futbolçular 4-5 aydır ki, klubdan maaşlarını ala bilmir.

Belə ki, klub rəhbərliyi yerli futbolçulara olan 5 aylıq, əcnəbilərə isə 4 aylıq borclarını vermək istəmir. Hətta klubun vitse-prezidenti Namiq Məstanov martda bu məsələnin həll olunacağını desə də, yenə vədə əməl olunmayıb. Futbolçular isə Novruz Bayramı öncəsi maaşlarını ala bilmədiklərindən, bu onlara pis təsir edib.

Əldə etdiyimiz məlumata görə, artıq səbir kasaları daşan futbolçular martın 23-də “Qarabağ”la baş tutacaq yoxlama oyununa çıxmamaq qərarına gəlib. Onlar bu dəfə də rəhbərliyi inadından döndərə bilməsə, martın 30-da “Rəvan”la çempionat görüşündə də eyni addımı atmaqda qərarlıdır.