AFFA 4 klubu cəzalandırdı
19.03.2013 - 12:37
AFFA 4 klubu cəzalandırdı
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının son turunda baş verən qayda pozuntularına hüquqi qiymət verən qurum üzvləri “Simurq”u 2200 manat cəzalandırıb.

Bunlardan 2000 manat zaqatalalıların “Qarabağ”la ev oyununun 63-cü dəqiqəsində azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görədir. “Simurq”un futbolçusu Rəşad Eyubov isə matçın 81-ci dəqiqəsində simulyasiyaya görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün özü 1 oyunluq cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb.

“Rəvan”la səfər oyunun 74-cü dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alan “Xəzər Lənkəran”ın futbolçusu Elnur Abdullayevin də cəzası eyni olub. “Bakı” ilə “İnter” müvafiq olaraq 4 və 5 futbolçusu sarı vərəqə aldığına görə hərəyə 1000 manat cərimələnib.

Mənbə: pfl.az