“Kim adımızın qara hərflərlə yazılmasına razıdırsa, çıxıb getsin” – MÜSAHİBƏ
19.03.2013 - 14:11
“Kim adımızın qara hərflərlə yazılmasına razıdırsa, çıxıb getsin” – MÜSAHİBƏ
“Turan”ın kapitanı Kamal Bayramovun apasport.az saytına müsahibəsi

- Keçmiş komandanız “Xəzər Lənkəran”la səfər matçında zədələndikdən sonra xeyli vaxtdır kənarda qalmısınız. Hazırda vəziyyətiniz necədir?
- Şükür Allaha yaxşıyam. Artıq komanda ilə məşqlərə qatılmışam. İnşallah, fiziki, psixoloji durumum qaydasına düşsə, martın 20-də “Qarabağ”la yoxlama oyununda meydana çıxacağam.

- Bu müddətdə “Turan”ın qapısını millimizə də cəlb olunan Andrey Popoviç qorudu. Həmkarınızın çıxışına necə qiymət verərdiniz?
- “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəldiyimiz matçda həqiqətən çox yaxşı oynadı. 11 metrlik cərimə zərbəsini çıxardı, komandanın 3 xal qazanmasında böyük əməyi oldu. Digər matçlara baxanda isə ciddi yox, kiçik səhvlərlə yadda qaldı. Gənc, təcrübəli qapıçıdır, o da “Turan”a kömək etməyə çalışır.

- Ancaq “Sumqayıt”a 0:4 hesabı ilə uduzduğunuz oyunda yaxşı tanıdığı Pərdis Fərcad Azadın ona 4 qol vurmağına mane ola bilmədi...
- Mən deməzdim ki, orda Popoviçin günahı vardı. Həmin matçda ümumi komandanın səhvləri vardı. Komanda oyuna heç düzgün köklənməmişdi. 1 futbolçunun 4 qol vurmağı halları olur. Ancaq həmin futbolçuya müdafiədə, orta sahədə aqressiv oyun göstərilmədi ki, o, qarşısındakı rəqibi hiss eləsin. Deyərdim ki, həmin matçda biz çox bərbad oynadıq. Bu məğlubiyyət 1 futbolçunun yox, bütün komandanın günahı üzündən oldu.

- Andrey “Turan”da penalti zərbələrini qaytarmağı da ilə seçilir. Onunla rəqabətdə şansınız necə görürsünüz, yoxsa kapitan olduğunuza görə qapının yenidən sizə tapşırılacağını düşünürsünüz?
- Mənim bugünkü düşündüyüm bir şey var ki, o da “Turan”ın yüksək liqada qalmağıdır. Bildiyiniz kimi, “altılıq” ləğv olundu, çempionat növbəti mövsümdən yeni sistemlə keçiriləcək və bu il son 2 yeri tutan komanda I diviziona düşəcək. İndi nəinki mən, bütün futbolçular komandamızın məqsədinə çatmağı üçün canını qoymalıdır. Kim güclü olacaq, heyətdə oynayacaq. Çünki hazırda “Turan”a kömək lazımdır. Formada olanlar baş məşqçimiz Əfqan Talıbovun qərarı ilə əsas heyətdə çıxış edəcək. Burda kapitan yox, zarafatca deyirəm, istəyirsən mayor ol, fərqi yoxdur. Güclü olacaqsansa, qapıda duracaqsan, meydanda oynayacaqsan.

- İndi vəziyyət elədir ki, aşağı düşməyə 2 namizəddən biri məhz “Turan”dır. Bu mənada özünüzdən irəli olan “Rəvan”la növbəti turdakı oyun vacib olacaq...
- Mən 2 il qabaq “Turan”da oynayanda belə bir vəziyyətdə idik. Onda jurnalistlərdən biri mənə sual verdi ki, komanda aşağı düşəcək? Mən böyük inamla onu deyə bilərəm ki, “Turan”ın 21 ildir oynadığı milli çempionatdan I liqaya düşməyinə imkan vermərik. Nəyin, canımızın bahasına olsun belə, komandamızın növbəti mövsümdə yüksək liqada oynamağına çalışacağıq.

- Ancaq onu da nəzərə alaq ki, “Turan”da maddi problemlər var, futbolçulara necə aydır məvaciblər ödənilmir. Hətta onlar belə davam edərsə, “Qarabağ”la yoxlama oyununa çıxmaq istəmirlər. Kapitan kimi vəziyyətə necə qiymət verərdiniz?
- Mən belə qiymət verərdim ki, komandada maliyyələşdirmə sistemi bir az zəifdir. Ancaq pulların hamısı ödənəcək. Sadəcə, bayramla əlaqədar pul köçməyi sistemində bir az problem oldu. Bir miqdar pul köçməli idi ki, bunda çətinlik yarandı. İnşallah, bayramdan sonra hamısı öz qaydasına tapacaq.

- Sizcə, maddi sıxıntılar olan halda futbolçular qarşıya qoyulan vəzifəni yerinə yetirmək üçün nə dərəcədə canlarını qoyacaqlar?
- Çempionatla bağlı qərar veriləndə biz məşqdən gəlmişdik və televizordan baş verənlərə baxdıq. Bundan sonra biz futbolçular olaraq rəhbərlikdən kənarda bir yerə yığışdıq. Orda “Turan”ın yüksək liqada qalmağı yönündə yerli və əcnəbi futbolçularla birgə oturub məsləhətləşdik. Bugünkü gündə maddi vəziyyətimizin aşağı olmağına baxmayaraq, qərar gəldik ki, kim bu yolda bizə kömək edə bilməyəcəksə, əlini aşağı salacaqsa, bizimlə birgə irəliləməyə razı deyilsə, kənara çəkilsin. Ola bilər ki, yeməyimizdə, maddi vəziyyətimizdə, başqa şeylərdə problem olsun. Ancaq “Turan” tarixində ilk dəfə yüksək liqadan aşağı düşsə, adımız qara hərflərlə yazıla bilər. Kim buna razıdırsa, bizdən əlini çəkib, çıxıb getsin, özünə uyğun bir iş tapsın. Bütün futbolçular orda qərarında bildirdi ki, heç kim karyerasında belə bir şeyin yaranmağına razı olmaz.

Mehman SÜLEYMANOV