“Droqba mənim kim olduğumu bilir”
20.03.2013 - 01:07
“Droqba mənim kim olduğumu bilir”
“Real”ının baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının 1/4 finalında qarşılaşacaqları “Qalatasaray” haqqında ilk dəfə olaraq açıqlama verib. Apasport.az saytının məlumatına görə, Türkiyə Superliqasının 26-cı turunda “Kayserispor” – “Qalatasaray” oyununu izləyən portuqaliyalı çalışdırıcı Madridə qayıtdıqdan sonra Kayseridə gördüklərini və rəqibləri haqda fikirlərini bildirib.

O, “Cim-Bom”un legionerlərini qiymətləndirib: “Türkiyəyə gedib gözlədiklərimlə qarşılaşdım. Qarşımda Çempionlar Liqasını yaxşı bilən və iki Avropa kubokunu qazanmış komanda var idi. Droqba, Sneyder, “Arsenal”da oynamış Eboue, “Yuventus”da çıxış etmiş Felipe Melo, “Liverpul”da top qovmuş Albert Riera, “Latsio”da forma geyinmiş Muslera bu komandanın oyunçularıdır. Bu klubda yaxşı səviyyəli futbolçular və komandanın başında çox təcrübəli, İtaliyada da çalışmış, ölkənin ən yaxşı baş məşqçisi var. Dortmund “Borussiya”sı və “Mançester Yunayted” matçları bizim üçün çətin oldu. Bu qarşılama da çətin olacaq. “Qalatasaray” İstanbuldan 700 kilometr aralıda oynayırdı, lakin tribunada 15 min azarkeşi var idi. İlk oyunda üstünlük əldə etmək üçün çalışmalıyıq. Necə ki, “Mançester Yunayted”ə qarşı etdiyimiz kimi”.

Moruniyo “Çelsi”yə rəhbərlik etdiyi dövrdə sərəncamında çıxış edən Didye Droqbanın da ünvanına xoş sözlər söyləyib: “Droqba adından daha böyük bir oyunçudur. Bunları mətbuata demək məni narahat etmir. Çünki Droqba mənim kim olduğumu bilir və ürəyimdə ona qarşı hansı hisslər olduğunun fərqindədir. O, mənim fovoritimdir. Hansı futbolçunu seçmək gərək olarsa, mən onu seçərdim. Didye başqa bir dünyanın adamıdır. İmkansız şeyləri bacara bilən futbolçudur. Kayseridə Droqba, Sneyder və Həmidlə bir yerdə olmaq çox əyləncəli idi”.