Elxan Məmmədov: Millimiz pula, mükafata görə oynamır – MÜSAHİBƏ
21.03.2013 - 20:27
Elxan Məmmədov: Millimiz pula, mükafata görə oynamır – MÜSAHİBƏ
Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov Lüksemburqda azərbaycanlı jurnalistlər üçün brifinq keçirib. Millinin “Jozi Bartel” stadionunda mətbuat üçün ilk 15 dəqiqəsi açıq olan məşqdə fikirlərini çatdıran Məmmədov apasport.az saytının Lüksembuqra ezam olunmuş əməkdaşının da suallarını cavablandırıb.

- İlk olaraq sizi və millimizi Novruz bayramı münasibətilə təbrik edirik. AFFA rəhbərliyi belə bir əziz bayramda Lüksemburq yığması ilə rəsmi oyuna çıxacaq yığmamızdan nə gözləyir?
- Mən də sizləri təbrik edirəm, can sağlığı və uğurlar arzulayıram. Bu, 2013-cü ildə ilk rəsmi oyunumuzdur. Lüksemburq yığması ilə səfər matçıdır və bundan sonra Portuqaliya yığması ilə ev oyunumuz olacaq. Təbii ki, millimiz hal-hazırda Lüksemburqla oyunu düşünərək, ona hazırlaşır. Artıq yığmamızın baş məşqçisi, bəzi futbolçuları sabahkı matçla mətbuat konfransında öz fikirlərini bildirib. Sözsüz ki, biz də komandamızdan ancaq 3 xal gözləyirik.

- Lüksemburq yığmasına necə qiymət verərdiniz?
- UEFA-nın üzvü olan 53 ölkənin yığması mübarizə aparır və onların hamısının öz meydanında güclü müqavimət göstərmək imkanı var. Bütün yığmalar bunu bacarırlar. Artıq Avropada zəif komandalar yoxdur. Lüksemburq yığmasının nəticələrinə baxsanız, görə bilərsiniz ki, bir az qeyri-stabil oyun nümayiş etdirsə də, sonda evində daha arxayın oynayır. Təbii ki, sabah qarşımıza mübariz bir komanda çıxacaq. Əsas odur ki, komandamız 90 dəqiqə aparsın, bütün bacarığını meydanda qoysun və 3 xalını qazanmağa çalışsın. Vacib olan komandada ab-havanın yaxşı olmağıdır. Əsas odur ki, komandada ab-hava yaxşıdır və o, sabahkı oyuna tam hazırdır. Bildiyiniz kimi, millinin hazırlıq prosesi çox yaxşı keçdi və sabah ondan 3 xalımızı gözləyirik.

- Millimizin qələbədən başqa digər nəticələrini necə qəbul edəcəksiniz?
- Bu, futboldur və təbii ki, hər bir nəticə ola bilər. Komandamızın səfər oyunu olmağına baxmayaraq, bura 3 xalının dalınca gəlməyi əsasdır. Millimiz Şimali İrlandiya ilə səfər oyununda xal itirmək istəmirdi. Minimum 1 xal dalınca gəlmişdi və bunu qazandı. Yəni əsas odur ki, komandada qələbə arzusu və bacarıq var. Ancaq sonda bu, futbol olduğundan, top yumru, meydan düzdür. Buna görə də gəlin, sabahkı oyunu gözləyək və ümid edək ki, yaxşı nəticə ilə Azərbaycana qayıdacağıq.

- Təşkilatı işlərin gedişi sizi nə dərəcədə razı salır?
- Hər şey qaydasındadır. Millimiz martın 13-dən toplaşıb və xaricdə oynayan futbolçularımız bir az gec gəlib. Onlar ayın 18-i komandaya qoşulublar. Hazırlıqdan tam razıyıq. Bakıda da hazırlıq mərhələsi yaxşı keçdi. Bildiyiniz kimi, komanda dünən axşam Lüksembuqra gəldi və öz məşqini bu gün keçirir. Yəni ümumi olaraq biz razıyıq.

- Mətbuatda yazılana görə, milli qalib gələcəyi halda, hər futbolçu 30 min mükafat qazanacaq. Bu, nə dərəcədə doğrudur?
- Artıq 4 ildir AFFA milli ilə bağlı mükafatı oyundan qabaq müzakirə etmir. Əslində, futbolçular da bunu etmək istəmir. Bizim bir neçə il öncə milli üzvləri ilə çox açıq söhbətimiz olub. Futbolçularımız da göstərdi ki, pula, mükafata görə oynamırlar. Onlar meydana çıxanda, ölkə üçün oynayırlar və maksimum dərəcədə nəticə qazanmağa çalışırlar. Buna görə də sizi inandırım ki, mükafatdan söhbət düşmür. Baş məşqçi, müxtəlif futbolçularla birgə qərar qəbul olundu ki, heç mükafatdan danışmayaq. Oyundan sonra olan ayrıdır, ancaq matçdan qabaq heç bu haqda söhbət açmırıq. Bizdən də futbolçuların heç biri mükafat tələb etmir. Məncə, bu, çox müsbət haldır.

Mehman SÜLEYMANOV
Lüksemburq