Van Persi UEFA-nı tənqid etdi
22.03.2013 - 00:45
Van Persi UEFA-nı tənqid etdi
“Mançester Yunayted”in hücumçusu Robin van Persi Cüneyt Çakırı dəstəklədiyi üçün UEFA-nı tənqid edib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının 1/8 final mərhələsində “Real”la qarşılaşmada türkiyəli hakimin Naniyə birbaşa göstərdiyi qırmızı vərəqənin düzgün olmadığını bildirib.

O, ali futbol qurumunun bu hərəkətini qorxaq adlandırıb: “Nani qırmızı vərəqini haqsız yerə aldı. Bu anda hətta sarı vərəqə və ya cərimə zərbəsi də lazım deyildi. Nani heç nə etmədi. Çünki Arbeloya güclə toxundu. Ən qorxuncu isə UEFA Çakırı dəstəklədi. Bu qorxaq hərəkətdir. Mən bu təşkilatın davranışlarını anlamıram. Niyə dürüst olmadılar? Onlar həmin epizodu görmədilər? Mən hələ oyundan əvvəl düşünürdüm ki, necə belə matça belə hakim təyin etsinlər. Hətta Madriddən dostlarım deyirdilər ki, bu epizodda qırmızı vərəqə olmamalı idi. Biz ikinci qolu vurmağa yaxın olarkən və “Real” müdafiəyə çəkilərkən, birdən referi bizlərdən birinə qırmızı vərəqə göstərdi. Yoxsa biz onları məğlub edib növbəti mərhələyə keçərdik”.

Qeyd edək ki, həmin qarşılaşmada “Mançester Yunayted” 1:0 hesabı ilə öndə olarkən, görüşün baş hakimi Cüneyt Çakır ikinci hissədə Naniyə birbaşa qırmızı vərəqə göstərib. Azlıqda qalan ingilislər qapısından iki qol buraxaraq turnirlə vidalaşıb. Oyundan sonra isə UEFA Çakırı dəstəkləyib.