Rəşad Sadıqov: İmkan olsa, Portuqaliyaya qalib gəlmək istəyirik - MÜSAHİBƏ
23.03.2013 - 03:39
Rəşad Sadıqov: İmkan olsa, Portuqaliyaya qalib gəlmək istəyirik - MÜSAHİBƏ
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov 2014-cü il dünya çempionatının seçmə mərhələsində Lüksemburq yığması ilə səfərdə 0:0 hesablı heç-heçə etdiyimiz oyundan danışıb. Apasport.az saytının Lüksemburqa ezam olunmuş əməkdaşının da suallarını cavablandıran təcrübəli müdafiəçi ilk olaraq matçda qalib gələ bilməməklərinin səbəbləri haqda fikirlərini bildirib.

- Çətin oyun oldu. Meydança da bir az ağır idi. Burda 7-10 gündür qar yağırdı. Bəlkə kənardan hiss olunmurdu, ancaq meydança çox palçıq idi. Bu da sürətli oyuna imkan vermirdi. Rəqib də müdafiədən, çox diqqətli oynayırdı və onun əks-hücumlarının çox təhlükəli olduğunu bilirdik. Biz də əlimizdən gələni elədik. Birinci hissədə yaxşı qol imkanlarımız oldu. İkinci hissədə Əfran İsmayılov qol şansı əldə etdi. Bir dəfə top qapı dirəyindən döndü. Yəni səfərə görə götürsən, pis oynamadıq.

- Nəticəyə görə sevinək, yoxsa üzülək?
- Biz də istəyirdik ki, qələbə qazanaq, ancaq alınmadı. Qalib gəlsəydik, yaxşı olardı. Xalımızı 5-ə çatdırardıq. Özü də Portuqaliaya qalib gəlsək, qrupda vəziyyətimizi daha da yaxşılaşdıra bilərdik. Ancaq alınmadı. Nəzərə alsan ki, 5 oyundan 4-nü səfərdə oynamışıq, 3 xal da pis deyil. Daha çox ola bilərdik, ancaq bu da yaxşı nəticədir.

- İndi düşərgədə əhval-ruhiyyə necədir?
- Bəlkə də Portuqaliya ilə oyun olsaydı, çox üzülərdik. Ancaq indi bütün fikrimizi bu rəqiblə matça verəcəyik. Başa düşürük ki, evdə Portuqaliyaya məğlub olmasaq, ən azı bərabərə qala bilsək, burda itirdiyimiz xalı bərpa edə bilərik.

- Oyundan sonra baş məşqçi nə dedi?
- Hiss olundu ki, nə tam razı qalıb, nə də çox narazıdır. Elə özümüz də başa düşürük ki, qələbə də qazana bilərdik. Buna özümüzü kökləmişdik. Ancaq bu cür oyunlarda ələ düşən 2-3 vəziyyətlərdən maksimum istifadə eləmək lazımdır. Təəssüflər olsun ki, bunlardan istifadə edə bilmədik.

- Portuqaliya yığması İsraillə səfər oyununda da xal itirib və Bakıya ağır zərbə alaraq, cəzalı duruma düşən kapitanı Kriştianu Ronaldosuz gəlir. Bu, oyuna nə dərəcədə təsir göstərə bilər?
- Ronaldo oynasaydı belə, bilirsiniz ki, biz evdə başqa əhval-ruhiyyədə oynayırıq. Rəqibin kimliyindən asılı olmayaraq, uduzmamaq üçün maksimum çalışırıq. Əlimizdən gələn mübarizəni aparacağıq. İnşallah, Portuqaliya ilə oyunda məğlubiyyəti düşünmürük. Baxmayaraq ki rəqib güclüdür.

- Bəs qələbəni düşünürsünüz?
- İmkan olsa, qələbə qazanmaq istəyirik. Evdə heç bir rəqibi buraxmaq istəmirik.

Mehman SÜLEYMANOV
Lüksemburq