Kapello komandasını yüksək qiymətləndirdi
26.03.2013 - 05:03
Kapello komandasını yüksək qiymətləndirdi
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Rusiya yığmasının baş məşqçisi Fabio Kapello Braziliya (1:1) ilə keçirdikləri yoldaşlıq oyunundan sonra mətbuat konfransı təşkil edib. Apasport.az saytının məlumatına görə, italiyalı çalışdırıcı qarşılaşmanı yüksək qiymətləndirib.

Təcrübəli mütəxəssis matçda komanda ruhu gördüyünü bildirib: “Komanda çox yaxşı yığcam oynayırdı. Hər şeydən daha əhəmiyyətli bu axşam biz komanda ruhu gördük. Sonrakı yol üçün bu, önəmlidir. Hər bir oyunçu yüksək səviyyədə çıxış etdi. Braziliya kimi səviyyəli komandalarla oynamaq çətindir. Həmin vaxt öz kollektivinə qiymət verirsən. Bu, məşqçi üçün çox əhəmiyyətli haldır. Mənim üçün yoldaşlıq matçları çox önəmlidir. Bir halda ki, müxtəlif variantları yoxlamaq olur”.

Kapello start heyətdə Akinfeyevin yerinə Qabulovu meydana buraxmasına da aydınlıq gətirib: “Akinfeyev zədəli olduğu üçün Qabulovu meydana buraxdım. İqorun dizində kiçik problemlər var idi. Buna görə də mən Qabulovu üstün tutdum. Bir halda ki, Akinfeyev yüz faiz hazır deyildi”.