“Qəbələ” qovduğu legioneri bağışladı
28.03.2013 - 12:26
 “Qəbələ” qovduğu legioneri bağışladı
Topaz Premyer Liqasının hesabat turunda baş tutan “Qəbələ” - “İnter” matçında (1:2) etdiyi kobud səhvlərə görə əsas komandadan uzaqlaşdırılan Deyan Kelhar bağışlanıb. Bu haqda apasport.az saytına “Qəbələ”nin baş meneceri Zaur Əzizov deyib.

O bildirib ki, artıq futbolçu əsas komanda ilə birgə hazırlıqlarda iştirak edir: “Kelharla baş məşqçimiz Ramiz Məmmədov arasında dünən axşam görüş oldu. Tərəflər arasında olan danışıqdan sonra futbolçunun yenidən əsas komanda ilə birgə məşq etməsinə icazə verildi. Onunla müqaviləmiz 2014-cü ilin yayına kimidir. Deyanla yollarımızı ayırmaq kimi fikrimiz yoxdur”.

Qeyd edək ki, Sloveniya yığmasının ölkəmizdəki yeganə üzvü olan Kelhar sözügedən matçın 26-cı dəqiqəsində Asif Məmmədovun qoluna mane ola bilməmişdi. 3 dəqiqə sonra isə 28 yaşlı futbolçu Asifin məhsuldar ötürməsi zamanı acizlik nümayiş etdirmişdi.

Səbuhi TOFİQOĞLU