“Xəzər Lənkəran” kimi komanda “altılıq”dan kənarda qalıb”
01.05.2013 - 11:02
“Xəzər Lənkəran” kimi komanda “altılıq”dan kənarda qalıb”
“Çempionluğun 2 komanda arasında gedəcəyi haqda danışmaq hələ tezdir. Məncə, hələ çempionatın sonunu gözləmək lazımdır”. Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.

Bu gün AFFA “Bakcell”lə əməkdaşlıq çərçivəsində yeni layihəyə start verib. Həmin layihənin açılış mərasimində iştirak edən Rövnəq Abdullayev jurnalistlərə ölkə futbolu ilə bağlı açıqlamalar verib.

Çempionluq yarışının tək “Qarabağ” və “Neftçi” arasında getməyəcəyini bildirən AFFA prezidenti “altılıq” sisteminin mənfi cəhətindən danışıb: “Altılıq” sisteminin müsbət cəhətləri olduğu kimi, bəzi mənfi cəhətləri də var. Hazırda AZAL və “Xəzər Lənkəran” kimi güclü komandalar ilk “altılıq”dan kənarda qalıb. Bu da həmin klubların motivasiyasının azalmasına səbəb olur və bu səbəbdən çempionata maraq azalır”.

Abdullayev azarkeşlərin stadionlara az gəlməsindən narahatlığını yenə gizlətməyib: “Azarkeşlər əvvəl deyirdi ki, stadionlarımız yoxdur. İndi stadion var, ancaq oyunlara gələn yoxdur. Məsələn, 12 minlik “Bakcell Arena” var, ancaq heç onu doldurmurlar. Yaxınlarda 68 minlik Olimpiya stadionu istifadəyə veriləcək, bəs bunu necə dolduracaqlar? Deməli, günah hamımızdadır: həm bizdə, həm siz jurnalistlərdə. Azarkeşləri stadionlara cəlb etmək üçün düzgün yönləndirməliyik”.
0