“Atletiko”ya Bakıda maraq olmadı - STATİSTİKA
01.05.2013 - 11:28
“Atletiko”ya Bakıda maraq olmadı - STATİSTİKA
İspaniyanın “Atletiko” klubunun Azərbaycana səfərinin ölkəmizdə nə dərəcədə marağa səbəb olması müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Avropanın böyük komandalarından olmasa da, kifayət qədər tanınan Madrid təmsilçisinə yerli azarkeşlər böyük maraq göstərməyiblər.

Belə ki, Tofiq Bəhramov adına Respublika stadionunun tribunalarının 1/3-dən böyük hissəsi boş qalıb. Buna səbəb matçın rəsmi deyil, yoxlama xarakteri daşıması, “Atletiko”nun dünya nəhəngi olmamağı və “Bakı”nın da əsas deyil, zəif heyətlə oynamasıdır.

İspaniya mətbuatı qarşılaşmanı 20 minə yaxın azarkeşin izlədiyini iddia edir. Əslində, bu rəqəm daha aşağı görünürdü. Lakin həmin göstəricini həqiqəti əks etdirən rəqəm kimi qəbul etsək də, bu, o qədər böyük deyil.

Müqayisə üçün, 2012/13 mövsümündə Topaz Premyer Liqası, Azərbaycan kuboku, klublarımızın avrokuboklardakı oyunları, həmçinin milli komandamızın bu dövrə təsadüf edən qarşılaşmalarına baxaq.

Təbii ki, daxili yarışlarda belə böyük tamaşaçı kütləsi qeydə alınmayıb. Lakin yığmamızın DÇ-2014-də keçirdiyi hər 2 matçda – həm Portuqaliya, həm də İsraillə matçda azarkeş sayı “Atletiko”ya baxmağa gələnlərdən daha çoxdur.

Mövsümün rekordu isə təbii ki, İtaliya “İnter”ini Bakıya əməkdaşlıq çərçivəsində deyil, avrokubok oyununda gətirən “Neftçi”yə məxsusdur. Son 2 ilin çempionu və indiki liderin Milan təmsilçisi ilə oyununu “Atletiko”nu izləyənlərdən təxminən 50 faiz çox tamaşaçı seyr edib.

2012/13 mövsümünün ən çox tamaşaçı toplayan 6 oyun

Neftçi (Bakı) - İnter (İtaliya)
04.10. 2012
Respublika
31400
Azərbaycan - Portuqaliya
26.03.2013
Respublika
24558
Azərbaycan - İsrail
07.09.2012
Respublika
22211
Bakı - Atletiko
30.04.2013
Respublika
20000
Neftçi (Bakı) - Rubin (Rusiya)
08.11. 2012
Respublika
17000
Xəzər Lənkəran - Lex(Polşa)
19.07.2012
Lənkəran
15000
0