İsgəndər Cavadov: Heydər Əliyevin sözləri həyatımda böyük rol oynayıb
02.05.2013 - 12:25
İsgəndər Cavadov: Heydər Əliyevin sözləri həyatımda böyük rol oynayıb
“Bizim üçün xoş xatirə oldu, keçmişə qayıtdıq. Üstəlik, ölkəmizdə əlamətdar gündür, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyini qeyd edirik. Onun adı ilə bağlı matçda oynamaq borcumuzdur”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan veteranlar yığmasının kapitanı İsgəndər Cavadov deyib.

AFFA-nın İcraiyyə Komitəsinin üzvü olan Cavadov beynəlxalq veteranlar yığması ilə 3:3 hesabı ilə nəticələnən yoldaşlıq görüşünün əhəmiyyətinin böyük olduğunu bildirib: “Belə oyunlar Azərbaycanda futbola, uşaq futboluna böyük təkan verir. Bu tədbirlərdən nə qədər çox olsa, bütün ölkələrlə dostluq əlaqələri bir o qədər möhkəmlənəcək. Heydər Əliyevin sözləri həyatımda böyük rol oynayıb. Demişdi ki, siz elə yaxşı oynamalısınız ki, tarixə düşəsiniz və gələcəkdə sizə fayda dəysin. Həqiqətən də, bundan xeyir götürdük”.

57 yaşlı keçmiş hücumçuya diqqət böyük olsa da, meydanda yaxşı təsir bağışlamadı. Bunu etiraf edən Cavadov öz oyunundan narazı qaldığını gizlətməyib: “Zəif oynadım, çünki il yarımdır ağrıdığımdan qaçmırdım, hazırlaşmırdım. Əsasən gənclər fərqləndilər. Onlar bizdən sonra gələn idilər. Aramızda 10-15 yaş fərq var. Təbii ki, cavanlara asan, bizə çətin idi. Bunun nəticəsidir ki, orta nəsil nümayəndələri özlərini daha yaxşı göstərdilər. Bizə daha çox problem Duayt York yaratdı, əla formadadır. Hamısına “afərin” demək istəyirəm, layiqli oynadılar. Dərhal görünür ki, böyük futbolçu olublar”.

Mehman SÜLEYMANOV
0