“Həyat yoldaşım ana olacaq, onun yanında qalmalıyam”
03.05.2013 - 09:06
“Həyat yoldaşım ana olacaq, onun yanında qalmalıyam”
“Öz istəyimi bildirmək üçün baş məşqçimiz Luk Holtsa zəng vurmuşdum. Ona dedim ki, məni Azərbaycanla oyuna çağırmasın və bu dəfə güzəştə getsin”. Apasport.az saytının məlumatına görə, bunu Lüksemburq millisinin mərkəz müdafiəçisi olan Qay Blez deyib.

Belçikanın III dəstə klubu “Virton”la aşağı divizionda çempion olan Blez ölkəmizə gəlmək istəməməsinin səbəbini ailəsinin durumu ilə əlaqələndirib: “Həyat yoldaşım yaxın günlərdə ana olacaq, onun yanında qalmalıyam. Baş məşqçimizə xəbər göndərərək, “Digem”lə çempionluq titulu uğrunda matça dəvət etmişdim. Ancaq gələ bilmədi, çünki “Jeness” – “Dudelanj” oyununda idi. Bununla belə, sonradan məni təbrik etdi”.

Millimizlə ilk qarşılaşmada ehtiyatda qalan 32 yaşlı müdafiəçi yığma karyerasını hələ bitirmək istəmədiyini, sadəcə Bakıdakı oyunda ona güzəştə gedilməsini istəyir: “Mənim gələcək seçimim aydındır. Əgər gələcəkdə də mənim xidmətlərimə ehtiyac duyulsa, yığmada iştirak etməyə hazıram. 32 yaşımda mənim hər şeyim var: işim, ailəm və “Virton”.

Qeyd edək ki, iyunun 7-də Bakıda keçiriləcək Azərbaycan – Lüksemburq matçında qonaqlardan daha bir müdafiəçinin iştirak etməyəcəyi dəqiqləşib. Uzun müddətə sıradan çıxan Tom Şnellin yerinə milliləşdirilmiş Maksim Şanota dəvət göndərilib.
0