Rəşad Abdullayev: “Qəbələ”dən halallıq alıb gedəcəm
04.05.2013 - 16:14
Rəşad Abdullayev: “Qəbələ”dən halallıq alıb gedəcəm
Rəşad Abdullayev kapitanı olduğu “Qəbələ” ilə yollarını ayırır. Bu haqda haqda apasport.az saytına 32 yaşlı futbolçunun özü məlumat verib.

Rəşad uduzduqları “Qarabağ”la oyundan sonra düşərgədən getdiyini bildirib: “Sonuncu turda “Simurq”la matçda sarı vərəqə limitini aşdığıma görə oynamırdım. Bundan öncə “Qarabağ”la ev oyununda 1-2 azarkeşin ünvanıma oynamamaqla bağlı qınaqlarını eşitdim. Bu, mənə pis təsir etdi. Hər halda, komandanın kapitanıyam və məsuliyyəti hiss edirəm. Gördüm ki, “Qəbələ”də oyunum alınmır, komanda mövsümü uğursuz başa vurur və azarkeşlərin də mənə elə deməyindən sonra getməyi daha məqsədəuyğun saydım. Klub rəhbərliyi ilə hələ söhbətim olmayıb. Onlarla danışaraq, halallıq alıb getmək istəyirəm”.

Abdullayev ailə vəziyyətinə görə karyerasını paytaxt təmsilçisində davam etdirmək fikrində olduğunu deyib. Onun sözlərinə görə, “Bakı”, “İnter”, AZAL xidmətində maraqlıdır: “Bu klublardan birinə keçidiminin baş tutacağı gözlənilir. Ancaq bunadək “Qəbələ” ilə danışıb, sonra məsələmi həll edəcəyəm. Karyeramı harda davam etdirməklə bağlı yaxın günlərdə açıqlama verərəm”.

Qeyd edək ki, Rəşad “Qəbələ”yə ötən yay “Neftçi”dən keçmişdi.

Mehman SÜLEYMANOV