AFFA-nın təşəbbüsü ilə tərbiyə müəssəsində futbol yarışı
10.05.2013 - 11:51
AFFA-nın təşəbbüsü ilə tərbiyə müəssəsində futbol yarışı
AFFA-nın baş katibi Elxan Məmmədovun rəhbərliyi altında assosiasiya nümayəndələri Penitensiar xidmətin Tərbiyə müəssəsində olublar. Apasport.az saytının məlumatına görə, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə bu qurumun dəstəyi və AFFA-nın təşəbbüsü ilə futbol yarışı və ənənəvi açıq qapı günü təşkil edilib.

Tədbirdə Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov çıxış edərək bildirib ki, məhkumların asudə vaxtlarının səmərəli təşkili məqsədilə aidiyyatı qurumların, vətəndaş cəmiyyətlərinin iştirakı ilə cəzaçəkmə müəssisələrində silsilə tədbirlər həyata keçirilir və AFFA bu prosesdə fəal iştirak edir.

Sonra AFFA-nın tərəfindən bərpa edilmiş futbol meydançasında Tərbiyə müəssisənin əməkdaşlarından və tərbiyə olunanlardan ibarət komandalar arasında matç keçirilib.

Mənbə: affa.az